Riçard Blumenthal ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı ciddi narahatlıq ifadə edib.
Referans Media xəbər verir ki, Demokrat senator Senatda keçirilən qapalı brifinqdən sonra verdiyi açıqlamada ABŞ-ın İrana quru qoşunları yerləşdirməsi ehtimalının müzakirə olunduğunu bildirib.
Blumenthal qeyd edib ki, Senatda 15 illik fəaliyyəti ərzində iştirak etdiyi heç bir brifinqdən bu qədər narazı və qəzəbli çıxmayıb. Onun sözlərinə görə, ABŞ administrasiyası əməliyyatın miqyası və mümkün nəticələri ilə bağlı senatorların bir çox sualını cavabsız qoyub.
“Senatdakı 15 illik fəaliyyətim ərzində heç bir brifinqdən bu qədər narazı və qəzəbli ayrılmamışdım”, – deyə senator bildirib.
Senator vurğulayıb ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı daha geniş regional münaqişəyə çevrilə bilər. Onun sözlərinə görə, hazırda ABŞ-ın məqsədlərinə nail olmaq üçün İrana Amerika hərbçilərinin yerləşdirilməsi istiqamətində addımların atıldığı ehtimalı müzakirə olunur.
Blumenthal bu ehtimalın onu ciddi şəkildə narahat etdiyini bildirərək belə deyib: “Görünür, potensial hədəflərə nail olmaq üçün İrana Amerika əsgərlərinin yerləşdirilməsi istiqamətində irəliləyirik.”
Senatorun sözlərinə görə, qapalı iclasda İranın beynəlxalq dəstək ala biləcəyi məsələsi də gündəmə gəlib. O bildirib ki, Rusiyanın İrana kəşfiyyat və digər vasitələrlə yardım etdiyi ehtimalı dəyərləndirilir. Həmçinin Çinin də Tehrana müəyyən dəstək verə biləcəyi ilə bağlı ehtimallar müzakirə olunub.
Hazırda ABŞ və İran arasında gərginlik sürətlə artır. ABŞ və İsrail-in İrana qarşı hücumlarından sonra Tehran regionda ABŞ və müttəfiqlərinə məxsus hədəflərə qarşı cavab addımları atıb.
Regionda hərbi aktivlik davam etsə də, Vaşinqton administrasiyası hələlik İrana birbaşa quru qoşunlarının göndərilməsi ilə bağlı rəsmi qərar açıqlamayıb. Bununla belə, ABŞ Konqresində bəzi senatorlar belə bir addımın ölkəni uzunmüddətli müharibəyə sürükləyə biləcəyi barədə xəbərdarlıq edir.























