“Google”-un hazırladığı “Android 17” əməliyyat sistemi istifadəçilərin məlumatlarının təhlükəsizliyini artıracaq yeni funksiyalarla gəlir. Yeni versiyada kilid ekranının qorunması gücləndiriləcək və səhv PIN kodu daxil etmə cəhdlərinə ciddi məhdudiyyətlər tətbiq olunacaq.
Referans Media xəbər verir ki, yeni qaydalara əsasən, ilk dəqiqə ərzində maksimum 6, 24 saat ərzində isə ümumilikdə 12 səhv PIN cəhdinə icazə veriləcək. Bununla da cihazın kilidini sındırmaq üçün edilən ardıcıl təxminlərin qarşısı daha effektiv şəkildə alınacaq.
“Google” şifrəsini həqiqətən unudan istifadəçiləri də nəzərə alıb. Eyni səhv PIN kodunun təkrar-təkrar daxil edilməsi ümumi cəhd limitinə daxil edilməyəcək. Sistem bunu avtomatik müəyyən edəcək və istifadəçiyə cəhdin niyə hesablanmadığı barədə məlumat göstərəcək.
“Android 17”-də kilid ekranının istifadəsi də daha rahat olacaq. Uzunmüddətli bloklanma zamanı geri sayım saniyələrlə deyil dəqiqələrlə göstəriləcək. Bundan əlavə kilid ekranına hesabın başqa cihaz vasitəsilə bərpasını asanlaşdıran yeni qısayol da əlavə ediləcək.
