Xroniki stressdən qurtulmaq üçün ilk növbədə insanlara "yox" deməyi öyrənmək lazımdır.
Referans Media xəbər verir ki, bu barədə psixoterapevt Meq Cozefson "CuidatePlus" nəşrinə müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə, hər kəsi razı salmağa çalışan insanlar bəzi hallarda iş həyatında üstünlük əldə edə, rəhbərlik tərəfindən daha çox təqdir oluna bilərlər. Lakin bu davranış zamanla insanın öz ehtiyaclarını arxa plana keçirməsinə və daim başqalarının maraqlarını üstün tutmasına səbəb olur.
Psixoterapevt bildirib ki, xroniki stressdən xilas olmaq üçün ətrafdakı insanların nə düşündüyünə həddindən artıq əhəmiyyət verməmək və əslində "yox" demək istənilən hallarda məcburən "bəli" cavabı verməmək vacibdir.
Meq Cozefsonun sözlərinə görə, başqalarının təsdiqini qazanmaq istəyi çox vaxt uşaqlıq dövründə formalaşır.
"Əgər biz valideynlərimizin əhvalını daim nəzarətdə saxlamağa və ya hər an ehtiyatlı olmağa məcbur olduğumuz ailədə böyümüşüksə, təhlükəsizliyimizin başqalarını nə qədər xoşbəxt etməyimizdən asılı olduğuna inanmağa başlayırıq", – deyə o izah edib./sfera.az
