ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun tam mətni dərc edilib.
Al Arabiya ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun tam mətnini yayımlayıb.
Sənədə əsasən, İran və ABŞ, eləcə də onların davam edən müharibədə iştirak edən müttəfiqləri memorandumun imzalanması ilə eyni vaxtda bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dərhal və daimi dayandırıldığını elan edir, bir-birinə qarşı hər hansı düşmən hərəkətlərdən çəkinməyi, həmçinin güc tətbiq etməmək və güclə hədələməmək öhdəliyi götürürlər.
Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı öhdələrinə götürürlər.
Memoranduma görə, yekun sazişin əldə olunması üçün maksimum 60 gün ərzində (qarşılıqlı razılıqla uzadılmaq şərti ilə) danışıqlar aparılacaq.
Sənəd imzalandıqdan dərhal sonra ABŞ dəniz blokadasını aradan qaldıracaq və gəmiçiliyə hər hansı müdaxilə və maneələri dayandıracaq. Maksimum 30 gün ərzində dəniz nəqliyyatı tam həcmdə bərpa olunmalı və müharibədən əvvəlki səviyyəyə çatdırılmalıdır.
ABŞ yekun saziş bağlandıqdan sonra 30 gün ərzində qüvvələrini ətraf bölgələrdən çıxarmağı da öhdəsinə götürür.
İran isə sənəd imzalandıqdan dərhal sonra Fars körfəzi və Oman dənizində kommersiya gəmiçiliyinin bərpası və texniki maneələrin, eləcə də minaların zərərsizləşdirilməsi nəzərə alınmaqla 30 gün ərzində müharibədən əvvəlki həcmdə fəaliyyət göstərməsi üçün zəruri addımlar atacaq.
Memoranduma əsasən, ABŞ regional tərəfdaşları ilə birlikdə İran iqtisadiyyatının bərpası və inkişafı üçün ən azı 300 milyard dollar həcmində maliyyələşdirilməsi təmin olunacaq genişmiqyaslı plan hazırlayacaq.
Bu planın icra mexanizmi yekun sazişlə paralel olaraq 60 gün ərzində hazırlanmalıdır.
ABŞ bütün qüvvədə olan sanksiyaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının və MAQATE İdarə Heyətinin qərarları ilə bağlı məhdudiyyətləri, həmçinin bütün birtərəfli (əsas və ikinci dərəcəli) sanksiyaları razılaşdırılmış qrafik üzrə ləğv etməyi öhdəsinə götürür.
İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayacağını vurğulayır.
Tərəflər razılaşırlar ki, zənginləşdirilmiş materialın statusu və digər nüvə məsələləri yekun saziş çərçivəsində tam həll olunacaq.
Yekun saziş əldə edilənədək status-kvo qorunacaq: İran nüvə proqramını indiki vəziyyətdə saxlayacaq, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və regiondakı hərbi mövcudluğunu artırmayacaq.
ABŞ sənəd imzalandıqdan dərhal sonra İranın xam neftinin, neft-kimya məhsullarının və əlaqəli xidmətlərin (bank, sığorta, nəqliyyat və s.) ixracı üçün zəruri lisenziyalar verməyi öhdəsinə götürür.
Həmçinin danışıqlar müddətində dondurulmuş İran aktivləri və əmlakının tam əlçatan vəziyyətə gətirilməsi nəzərdə tutulur. Bu vəsaitlər İran Mərkəzi Bankına təqdim ediləcək və nəzərdə tutulan bütün ödənişlər üçün istifadə oluna biləcək.
Sənəddə sazişin və gələcək öhdəliklərin icrasına nəzarət mexanizminin yaradılması da nəzərdə tutulur.
Memorandumun imzalanmasından və bəzi müddəaların icrasına dair təminatlar əldə edildikdən sonra yekun saziş üzrə danışıqlar davam etdiriləcək.
Yekun sazişin BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulur.//Musavat.com
