İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, Məsud Pezeşkian iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək. Həmçinin bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Sözügedən görüşün Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Əsas gözləntilər nələrdir?
Mövzu ilə bağlı şiyasi şərhçi Tural İsmayılov Referans-a açıqlamasında bildirib ki, iyulun 3-4-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVII Zirvə görüşü Azərbaycan üçün çox mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu, ilk növbədə, Azərbaycanın Qarabağ bölgəsində sülh və inkişafın təmin olunması istiqamətində atılan ciddi addımdır. Zirvənin məhz Xankəndidə keçirilməsi Azərbaycanın bölgədə suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə təsdiqləmək baxımından rəmzi mesajdır. Bu, həm də Qarabağın artıq münaqişə zonası olmadığını, əksinə regional əməkdaşlıq və iqtisadi inkişaf üçün açıq olduğunu göstərir.
Siyasi şərhçi onu da bildirib ki, zirvədə İran Prezidenti Məsud Pezeşkianın iştirakı Azərbaycan-İran münasibətlərində yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olacaq, xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində əlaqələrin genişlənməsi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması isə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək, regional inteqrasiya prosesini sürətləndirəcək. Bu görüş Azərbaycan üçün beynəlxalq nüfuzunu artırmaq, regional liderlik mövqeyini gücləndirmək baxımından əhəmiyyətlidir. ECO çərçivəsində həyata keçirilən enerji və nəqliyyat layihələrinin irəliləməsi, o cümlədən yaşıl enerji və davamlı inkişaf təşəbbüslərinin genişləndirilməsi üçün platforma yaradacaq. Zirvə həmçinin iqtisadiyyatın liberallaşdırılması, ticarətin artırılması və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün vacib dialoq meydanı olacaq.
“Xankəndidə keçirilən bu sammit Azərbaycanın Qarabağda sosial-iqtisadi bərpa prosesinə beynəlxalq dəstəkdir və bölgənin sülh və sabitlik məkanına çevrildiyini nümayiş etdirir. Ümumilikdə, bu tədbir Azərbaycan üçün regional əməkdaşlıq, iqtisadi inkişaf və davamlı sülh strategiyasının həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”, – deyə ekspert qeyd edib.
Şahverdiyeva Elena
Referans