ABŞda keçirilən sorğu göstərib ki, seçicilərin böyük əksəriyyəti İrana quru qoşunlarının göndərilməsini dəstəkləmir.
Quinnipiac University tərəfindən aparılan ictimai rəy sorğusuna əsasən, respondentlərin 74 faizi İrana qarşı quru hərbi qüvvələrinin göndərilməsinə qarşı çıxır. İştirakçıların 62 faizi isə İrana hücumların səbəbinin kifayət qədər aydın izah edilmədiyini düşünür.
Sorğu iştirakçılarının 59 faizi prezident Donald Trumpın belə qərarlar üçün Konqresdən icazə almalı olduğunu bildirib. Bundan əlavə, seçicilərin 57 faizi Trampın fəaliyyətini bəyənmədiyini və onun İran siyasətini tənqid etdiyini qeyd edib.
Respondentlərin əksəriyyəti münaqişənin enerji qiymətlərini artıracağından narahatdır. Sorğuda iştirak edənlərin 74 faizi gərginliyin enerji bazarına mənfi təsir göstərə biləcəyini düşünür.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq bölgədəki bəzi hədəflərə zərbələr endirib. İran rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində 1332 nəfər həyatını itirib.























