Soyuq havada uşaqları necə qoruyaq? Pediatrdan 10 vacib tövsiyə

  Havaların soyuması ilə uşaqlar arasında qrip, soyuqdəymə və digər respirator xəstəliklərin yayılması artıb. 

Azyaşlıları bu xəstəliklərdən qorumaq üçün valideynlər hansı üsullara əl atmalıdır?

Referans.az xəbər verir ki ,məsələ ilə bağlı pediatr Elşən Tağıyev Sfera.az-a açıqlamasında valideynlərə uşaqların sağlamlığını qorumaq və immun sistemini gücləndirmək üçün vacib tədbirləri tövsiyə edib.

O bildirib ki, soyuq havalarda uşaqları qorumaq üçün qabaqlayıcı tədbirlər görmək çox vacibdir:

“Burada ən önəmli amillərdən biri gigiyena və əl təmizliyidir. Uşaqlara sabun və su ilə ən az 20 saniyə əllərin yuyulmasını öyrətmək lazımdır. Xüsusilə yeməkdən əvvəl və sonra, həmçinin burun silindikdən sonra əllərin yuyulması qrip və digər respirator infeksiyaların yayılmasını azaldır”.

Pediatrın sözlərinə görə, peyvəndləmə də uşaqların xəstəliklərdən qorunmasında vacib rola malikdir:

“Peyvəndləmə immuniteti gücləndirən ən effektiv vasitələrdən biridir. İllik qrip peyvəndi 6 aylıqdan yuxarı uşaqlar üçün tövsiyə olunur və bu, uşaqları ciddi xəstəliklərdən qorumağa imkan verir. Həmçinin sosial məsafəyə riayət etmək və məkanların mütəmadi ventilyasiyası da çox vacibdir. Xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, otaqları havalandırmaq virus yükünü azaldır və uşaqların xəstələnmə riskini aşağı salır. Uşaqların baş, əl və ayaqlarının isti saxlanması, evdə nisbi rütubətin 40–60% arasında qorunması respirator xəstəliklərin qarşısını almaq üçün vacibdir”.

Ev şəraitində immuniteti gücləndirmə üsullarını da açıqlayan mütəxəssis yaxşı qidalanmanın xəstəliklərin qarşısını aldığını deyib:

“Uşaqların immunitetini gücləndirmək üçün balanslı qidalanma, fiziki aktivlik, yetərli yuxu, bağırsaq mikroflorasının dəstəklənməsi və stresin azaldılması önəmlidir. Meyvə və tərəvəzlər, tam taxıllar, süd məhsulları, yağlı balıq və omega-3 ilə zəngin qidalar immun sistemini dəstəkləyir. Uşaqların gündə ən az 60 dəqiqə orta səviyyədə hərəkətli oyunlar və açıq havada fəaliyyət göstərməsi immun hüceyrələrinin aktivliyini artırır. Yuxu rejimi də çox önəmlidir: yenidoğulmuşlarda 14–17 saat, məktəbəqədər uşaqlarda isə 10–13 saat yuxu immun sistemini gücləndirir. Yoğurt, kefir və fermentləşdirilmiş tərəvəzlər bağırsaq mikroflorasını dəstəkləyir. Bağırsaq immunitetinin stimulyasiyası respirator infeksiyalara qarşı müqaviməti artırır. Bundan əlavə, uşaqlarda stressi azaltmaq, müntəzəm oyun və sosial dəstək immun sisteminin fəaliyyətini gücləndirir. Stress hormonlarının (kortizol) yüksək olması immun cavabı zəiflədir”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki