Müasir dövrdə süni intellekt (Sİ) texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edib. Bu texnologiyadan faydalanmaq üçün yalnız texniki biliklər yetərli deyil – təhlükəsizlik, etik yanaşma və strateji düşüncə də bir o qədər vacibdir.
Ekspert Bəhruz Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, süni intellektin imkanlarından səmərəli istifadə etmək üçün insanlar ilk növbədə təhlükəsizlik, savadlılıq və strategiya əsaslı yanaşmaya üstünlük verməlidirlər:
“Bu bacarıqlar təkcə texniki biliklərlə məhdudlaşmır. Kritiki düşüncə, etik davranış və dəyişikliklərə adaptasiya olmaq qabiliyyəti də buraya daxildir”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Sİ ilə effektiv işləmək üçün məlumatla işləmə bacarıqlarına yiyələnmək olduqca vacibdir. Bunun üçün Excel, SQL və Python kimi alətlərlə tanış olmaq, data etikası və məxfi məlumatların istifadəsi barədə düzgün anlayış formalaşdırmaq tövsiyə olunur.
Bəhruz Əliyev, həmçinin bir sıra məşhur alətlərin – ChatGPT, Copilot, Midjourney, DALL·E, Bard və digər süni intellekt vasitələrinin gündəlik iş prosesində istifadəsinin mümkün olduğunu qeyd edib.
Onun fikrincə, sadə suallarla başlamaq və “prompt” yazma bacarığını inkişaf etdirmək bu sahəyə yeni başlayanlar üçün faydalıdır:
“Süni intellektin verdiyi cavabların həmişə doğru olduğunu düşünmək yalnışdır. Biz məlumatları yoxlamağı, təhlil etməyi və alternativ cavabları müqayisə etməyi vərdiş halına çevirməliyik. Həmçinin plagiat, diskriminasiya və məlumat məxfiliyi kimi məsələlərə xüsusi həssaslıqla yanaşmaq vacibdir,” – deyə ekspert bildirib.
O, fərqli peşə sahələri üçün konkret tətbiqlər də təklif edib:
Müəllimlər test hazırlığı və esse yoxlamasında,
Dizaynerlər vizual materialların generasiyasında,
Jurnalistlər üçünü xəbər başlıqları və plagiat yoxlamasında,
Proqramçılar isə kod yazmaq və şərh etməkdə süni intellektdən istifadə edə bilərlər.
Bəhruz Əliyev süni intellekt texnologiyalarının sürətlə dəyişdiyini qeyd edərək davamlı öyrənmənin və yenilikləri izləməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, texnoloji bloglar, YouTube kanalları və ixtisaslaşmış xəbər mənbələri bu sahədə daim yenilənən məlumatlar üçün əvəzolunmaz resurslardır.