ABŞ kəşfiyyatı Avropa hökumətlərinə Rusiyanın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirə biləcəyi yeni əməliyyat barədə məlumat ötürüb.
Referans Media xəbər verir ki, "El Mundo" nəşrinin yazdığına görə, potensial hədəflər kimi İspaniya, Fransa və İtaliyanın adı çəkilir.
Dronların isə Aralıq dənizindəki ticarət gəmilərindən buraxılacağı ehtimal edilir.
Rusiya bu əməliyyat üçün "Gerbera" pilotsuz uçuş aparatlarından istifadə edə bilər. Onların ticarət gəmilərindəki konteynerlərdə daşınması və dənizdən buraxılması nəzərdə tutulur.
Litva Müdafiə Nazirliyinə yaxın mənbə bunun "nəqliyyat konteynerində gizlədilən və dənizdən buraxılan" dronlar olduğunu bildirib.
"Bu, heç də çətin deyil", – deyə mənbə qeyd edib.
"Gerbera" dronunun uzunluğu təxminən 2 metr, qanad açılımı 2.5 metr, çəkisi isə 18 kiloqramdır. Bəyan edilən maksimal uçuş məsafəsi 600 kilometrə qədər olsa da, faktiki məsafə yüklənmədən və hava şəraitindən asılı olaraq dəyişə bilir.
Mənbələrin qiymətləndirməsinə görə, sahildən 200-300 kilometr məsafədən buraxılış 1 saat 15 dəqiqədən 2 saatadək davam edən uçuşu təmin edə bilər.
Eyni zamanda, bu cür pilotsuz aparatlar iri obyektlərin genişmiqyaslı dağıdılması üçün nəzərdə tutulmayıb. Təxminən 4–5 kiloqramlıq partlayıcı yükə malik olan bu dronlar yanğın törədə, açıq havadakı avadanlıqlara ziyan vura, eləcə də liman və hava limanlarının fəaliyyətini müvəqqəti olaraq iflic edə bilər.
Mənbələrin verdiyi məlumata görə, Avropa ölkələri ehtimal olunan əməliyyat barədə xəbərdarlığı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya etdiyi məxfi səfərdən sonra alıblar.
"Wall Street Journal" və "Politico" nəşrlərinin yazdığına görə, Retkliff Moskvaya NATO-ya qarşı olası hücum və ya təxribatın ağır fəsadları barədə xəbərdarlıq etmək üçün yola düşmüşdü.
İspaniya, Fransa və İtaliya hökumətləri də bu ölkələrdən birinə qarşı dronların tətbiqi ilə ehtimal olunan əməliyyat barədə məlumatlandırılıb.
Bir neçə hərbi analitik Avropa Xarici İşlər nazirlikləri arasında paylanmış MKİ məruzəsindən xəbərdar olduqlarını təsdiqləyiblər. Onların sözlərinə görə, sənəddə ehtimal edilən hücumun ətraflı təsviri yer alıb.
Materialda qeyd olunur ki, Rusiya Ukraynaya silah, kəşfiyyat məlumatları və hərbi yardım tədarükünə görə Qərb ölkələrini müharibənin birbaşa iştirakçısı kimi nəzərdən keçirməyə hazır olduğunu çoxdan bəyan edir.
Eyni zamanda, Moskva Ukraynanı dəstəkləyən ölkələrdə təxribat kampaniyasını gücləndirsə də, indiyədək NATO-nun koordinasiyalı cavabına səbəb ola biləcək addımlardan çəkinib.
İndi potensial hədəflər arasında İspaniya, Fransa və İtaliyanın adı çəkilir. Hər üç ölkədə 2027-ci ildə seçkiöncəsi kampaniyaların və seçkilərin keçirilməsi planlaşdırılır.
Rusiyanın hərbi strategiyası üzrə ixtisaslaşan britaniyalı analitik Kir Caylz vurğulayıb ki, Rusiyadan coğrafi uzaqlıq təhlükəsizliyə təminat vermir:
"Hədəf mütləq ön cəbhədəki ölkələr olmayacaq. Hədəf Avropanın ən zəif nöqtəsinin olduğu yer olacaq".
O bildirib ki, kifayət qədər inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərinə malik olmayan ölkələr potensial həssas nöqtələrə çevrilə bilər.
Analitikin sözlərinə görə, belə bir əməliyyatın gözlənilən məqsədi infrastrukturun miqyaslı məhvi deyil, Rusiyanın Avropanın arxa cəbhəsinə zərbələr endirmək qabiliyyətini nümayiş etdirmək ola bilər.
Mümkün ssenarilər arasında hava limanının müvəqqəti bağlanması, yanğınların törədilməsi, hərbi baza üzərində uçuşların həyata keçirilməsi və ya infrastruktur obyektlərinə ziyan vurulması göstərilir.
"Rusiya hər hansı bir hərəkətin davamlılığın və mülki müdafiənin olmaması, eləcə də siyasi qeyri-sabitlik fəsadlarına görə harada daha böyük təsir göstərəcəyini diqqətlə izləyir", – deyə Caylz izah edib.
"Gerbera" dronlarının dənizdən buraxılması ideyası daha əvvəl də nəzərdən keçirilib. Ukraynanın "Defense Express" nəşri hələ bir il əvvəl bu cür dronların gəmilərdə daşınması və beynəlxalq sulardan buraxılması imkanları barədə yazıb.
Mətndə Rusiyanın dronları gəmilərdən buraxmaq üzrə əvvəlki təcrübələrinə də toxunulur. 2020-ci ildə Rusiyanın "ZALA" istehsalçısı hərəkətdə olan gəmidən nümayiş etdirici buraxılışlar reallaşdırıb, 2024-cü ilin oktyabrında isə analoji eksperimentlər dəniz platformasında bərpa olunub.
Fevral ayında İsveç hərbi-dəniz bölməsi Öresund boğazında Rusiyanın "Jiqulevsk" radiotexniki kəşfiyyat gəmisindən havalandığı bildirilən dron aşkar edib. İsveç qurğunu sıradan çıxarıb və bu uçuşu öz hava məkanının pozulması kimi qiymətləndirib.
Sentyabrın 14-də Rusiya hərbi gəmisi Baltik dənizinin beynəlxalq sularında planlı müşahidə aparan Danimarka hərbi helikopterinə doğru iki xəbərdarlıq raketı fırladıb.
Ayrıca olaraq, mətndə son vaxtlar Polşa sahilləri yaxınlığında aşkar edilən "Gerbera-2" modeli xatırladılır. Verilən məlumatlara görə, dronun detonatorlu qəlpəli döyüş başlığı və təxminən 4 kiloqram partlayıcı maddəsi olub. Eyni zamanda, bu dronun dənizdən buraxılmadığı, Kalininqraddan Litva vasitəsilə gəldiyi ehtimal olunur.
Mənbələrin qiymətləndirmələrinə görə, Rusiyan bu addımda bir neçə məqsəd güdür: Ukraynaya olan dəstəyi zəiflətmək, NATO daxilində nifaq salmaq və Avropa ictimaiyyəti arasında təşvişi artırmaq.
Polşa da analoji məlumatlar almaqdadır. Baş nazir Donald Tusk Ukraynanı dəstəkləyən ölkələrə qarşı Rusiya dronlarının və ya raketlərinin hücum ehtimalı barədə xəbərdarlıq edib.
Litvanın xarici işlər naziri Kyastutis Budris isə bildirib:
"Rusiya gizlənməyəcək. Biz sadəcə nəticələrdən yayınmalıyıq"./musavat.com/
