MHP sədri Dövlət Bahçeli Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşın CHP-dən istefasının televiziya kanallarında geniş müzakirə olunmasına münasibət bildirib.
Referans Media xəbər verir ki, Bahçeli Bengü Türk TV-yə göndərdiyi mesajda Yavaşın istefası ilə bağlı yayımların Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışını və ABŞ-dakı siyasi təmaslarını kölgədə qoyub-qoymadığını soruşub.
Bahçeli televiziya kanallarında Yavaşın istefasına geniş yer verilməsini belə qiymətləndirib: “Hazırda bütün televiziyalarda Mansur Yavaşın istefası ilə bağlı yayımlar aparılır. Bu məsələ Türkiyənin çox mühüm gündəmi kimi qiymətləndirilir, yoxsa cənab Prezidentin BMT-dəki çıxışı və ABŞ-dakı siyasi təmasları kölgədə qalır?”
MHP sədri bununla televiziya kanallarının gündəm seçimində Yavaşın istefasına ayrılan geniş efir vaxtını sual edib.
Bahçeli ötən həftə də televiziya proqramlarında Mansur Yavaşla bağlı yayımların həcmini tənqid etmişdi. O, bir əməkdaşına efirlərdə Yavaşın adının neçə dəfə çəkildiyini izləməyi tapşırdığını və proqramlardan birində bu adın 50-dən çox səsləndiyini bildirmişdi.
Mansur Yavaş sentyabrın 23-də CHP üzvlüyündən istefa verdiyini açıqlayıb. O, siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib.
Yavaşın istefasından sonra Ankaranın bir sıra rayonlarının CHP-li bələdiyyə sədrləri də partiyadan ayrıldıqlarını açıqlayıblar. Məlumata görə, Kalecik, Güdül, Polatlı, Ayaş, Şərəflikoçhisar, Elmadağ, Beypazarı və Nallıhan bələdiyyə sədrləri CHP-dən istefa veriblər.
