ABŞ Prezidenti Donald Tramp Türkiyə və Banqladeşin Boeing şirkətindən ümumilikdə 111 təyyarə alacağını açıqlayıb.
Referans Media xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, sözügedən alışlara əlavə olaraq 50 təyyarə üçün də seçim hüququ nəzərdə tutulub. Onun sözlərinə görə, müqavilələrin ümumi dəyəri on milyardlarla dollar təşkil edir və sövdələşmələr ABŞ-da on minlərlə iş yerinin dəstəklənməsinə imkan verəcək.
Trampın açıqlamasında 111 təyyarənin neçə ədədinin Türkiyə, neçə ədədinin isə Banqladeş tərəfindən alınacağı barədə konkret məlumat verilməyib. Həmçinin əlavə 50 təyyarəlik seçim hüququnun hansı ölkəyə aid olduğu da açıqlanmayıb.
Donald Tramp sövdələşməni ABŞ istehsalı və ixracı baxımından mühüm hadisə kimi qiymətləndirib. O, Boeing şirkətini və əməkdaşlarını təbrik edib.
ABŞ Prezidenti razılaşmaların əldə olunmasında ABŞ-ın ticarət naziri Hovard Lütnik və Ticarət Nazirliyinin rolunu da qeyd edib.
Qeyd edək ki, Banqladeşlə ABŞ arasında 2026-cı ilin fevralında açıqlanan qarşılıqlı ticarət razılaşmasında təyyarə tədarükü ilə bağlı müddəalar da yer alıb.
