ABŞ-da Roçesterdən Nyuarka uçan təyyarədə 25 yaşlı qadın yanındakı kişi sərnişinin ona baxaraq seksual xarakterli hərəkətlər etdiyini iddia edib.
Referans Media xəbər verir ki, qadın vəziyyəti dərhal kabin heyətinə bildirərək həmin sərnişinin yanından başqa yerə keçirilməsini istəyib. Lakin onun sözlərinə görə, təyyarədə boş yer olmadığı əsas gətirilərək yenidən həmin şəxsin yanına oturdulub.
Hadisənin uçuş zamanı baş verdiyi, kişinin 35-40 yaşlarında olduğu bildirilir. Qadın yaşadığı narahatlıqdan sonra təyyarə Nyuarka çatarkən məsələ ilə bağlı hava limanı əməkdaşlarına müraciət edib. Onun iddiasına görə, hadisə ilə bağlı polis müdaxiləsi olmayıb.
Bundan sonra qadın aviaşirkətə, ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) və Federal Təhqiqatlar Bürosuna (FBI) rəsmi şikayət edib.
Qadın uçuş üçün təxminən 400 dollar ödədiyini və hadisədən sonra ona 100 dollarlıq səyahət krediti təklif edildiyini bildirib.
Aviaşirkət isə məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
