ABŞ prezidenti Donald Trampın atəşkəsi qeyri-müəyyən müddətə uzatmasından sonra İran paytaxtı Tehranda kütləvi aksiyalar davam edir.
Referans Media xəbər verir ki, şəhərin əsas meydanları olan İnqilab meydanı və Venek meydanında minlərlə insan toplaşaraq həm qələbəni qeyd edib, həm də ABŞ və İsrailə qarşı şüarlar səsləndirib.
Məlumata görə, günlərdir davam edən bu aksiyalar ölkə tarixində ən uzunmüddətli və ən kütləvi çıxışlardan birinə çevrilib. Etirazçılar meydanları tərk etməyəcəklərini bildirərək, mümkün xarici təhdidlərə qarşı hazır olduqları mesajını veriblər.
Toplaşan insanlar yalnız qələbəni qeyd etməklə kifayətlənməyib, eyni zamanda güc nümayişi də ediblər. Onlar ölkənin əldə etdiyi hərbi və siyasi nəticələrin qorunacağını vurğulayıblar.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Pakistanın müraciətini də nəzərə alaraq İranla bağlı atəşkəsin müddətini uzatdığını açıqlamışdı. O bildirib ki, Tehran tərəfindən rəsmi təklif təqdim olunana qədər hərbi əməliyyatlar dayandırılacaq, lakin ordunun hazırlıq vəziyyəti qorunacaq.























