Türkiyədə tələbə yataqxanalarında son günlər baş verən hadisələr geniş rezonans doğurub. Son olaraq Zonquldak şəhərində Bülent Ecevit Universitetinin tələbəsi Tuğçenaz Demirelöz yataqxana otağında ölü halda tapılıb.
Referans Media xəbər verir ki, gənc tələbənin ölüm səbəbi hələlik dəqiq deyil və aparılacaq yarılma nəticəsində müəyyən olunacaq.
Rəqəmlər isə vəziyyətin ciddiliyini daha da artırır. Son iki həftə ərzində KYK yataqxanalarında ümumilikdə 5 tələbənin həyatını itirdiyi bildirilir. Bu hadisələr arasında müxtəlif şəhərlərdə baş verən fərqli ölüm halları da yer alır.
Bəzi tələbələr yataqxana otaqlarında şübhəli şəkildə ölü tapılıb, bəziləri isə binadan yıxılma və ya intihar iddiaları ilə gündəmə gəlib.
Bu ardıcıl hadisələr tələbə yataqxanalarında təhlükəsizlik, tibbi nəzarət və yaşayış şəraiti ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Rəsmilər tərəfindən aparılacaq araşdırmaların nəticəsi gözlənilir.
