Biz adətən hansısa qida məhsulunun insan səhhətinə yararlı olub-olmadığına fikir veririk. Qeyri-ərzaq mallarının bu xüsusiyyəti ilə heç maraqlanmırıq. Bəzən bazarda qiyməti ucuz mallar alıcını cəlb edir. Amma onların verə biləcəyi fəsadlar kimisə düşündürmür.
Konkret olaraq, inşaat mallarını misal çəkirəm. Hazırda daxili bazarda müxtəlif ölkələrdən müxtəlif çeşiddə tikinti materialları satılır. Maddi vəziyyəti aşağı, orta olan alıcı çox vaxt daha ucuz mal almağa meylli olur. Bəlkə də heç ağlına gəlmir ki, evinə alıb döşədiyi kafel, metlax sonradan onun, ailə üzvlərinin sağlamlığına qənim kəsilə bilər.
Referans MEDİA bildirir ki, son vaxtlar İran, Hindistan istehsalı olan kafel, metlaxların insan sağlamlığına ziyanı barədə söz-söhbət dolaşır. Mütəxəssislər də məhsulun tərkibində bəzi kimyəvi maddələrin olduğu təqdirdə insanın səhhətinə pis təsir edə biləcəyini deyirlər. Xüsusən də bu ölkələrdən gətirilən, mənbəyi məlum olmayan, istehsalçısı bilinməyən, kustar üsulla hazırlanan məhsulların Azərbaycan bazarına yol tapması narahatlıq yaradır. Pula görə hər şeyə gedən işbazların əməllərinin qarşısı vaxtında alınmalıdır. Onsuz da ölkə bazarına daxil ola biliblər. Heç olmasa bundan sonrakı fəaliyyətləri nəzarətə götürülsün. Bu işlərə nəzarət etməli olan məmurların səhlənkarlığı, bəlkə də bilərəkdən hərəkətsizliyi nəticəsində iranlı, hindistanlı “sexovşik”lər Azərbaycanın tikinti malları sektorunda at oynadırlar. Zamanın nəbzini tutaraq çox vaxt kasıb təbəqəni öz mallarına cəlb edə bilirlər. Bu işdə onlara yerli tacirlər də kömək edirlər.
Onlara misal olaraq Cabir və Dəniz Yusifzadə cütlüyünü göstərmək olar. Bu ər-arvad kommersantlar İran, Hindistandan gətirilən kafel, metlax və digər inşaat materiallarını Azərbaycanda satan əsas fiqurlardandır. Özləri də İran vətəndaşlarıdılar. Xeyli vaxtdı Bakıda məskunlaşıblar. Burada böyük tikinti biznesləri var. Adları çox adama tanış olmaya bilər. Amma öz çevrələrində yaxşı tanınırlar. “Bobo Construction” və “İmperial Gallery” adlı tikinti şirkətləri var. Yaxşı olardı ki, aidiyyatı dövlət təşkilatları bu cütlüyün biznes fəaliyyətini, “xarici iqtisadi əlaqə”lərini, daxildəki arxa-dayaqlarını araşdırsınlar.
Sima Babayeva























