“Trabzonspor” Misirli ulduz Məhəmməd Salahın adından və görüntülərindən bəzi şirkətlərin icazəsiz kommersiya məqsədilə istifadə etməsinə qarşı hüquqi tədbir görməyə hazırlaşır.
Referans Media xəbər verir ki, klub Salahın bordo-mavili formanı geyinməsinin üçüncü şəxslərə futbolçunun adından və görüntülərindən kommersiya məqsədilə istifadə etmək hüququ vermədiyini açıqlayıb.
“Trabzonspor”un yaydığı açıqlamada bildirilib ki, Salahın transferindən sonra bəzi müəssisələrin misirli futbolçunun adı və görüntülərindən istifadə edərək reklam və kommersiya kampaniyaları həyata keçirdiyi müəyyənləşdirilib. Klub bu cür halları qeydə aldığını və qanunsuz istifadələrin araşdırıldığını bildirib.
“Trabzonspor” xüsusilə Salahın görüntülərinin məhsul və xidmətlərin tanıtımında istifadəsinin yolverilməz olduğunu vurğulayıb. Klubun açıqlamasına görə, bu cür reklamlar futbolçu ilə hər hansı kommersiya əməkdaşlığı və ya razılaşmanın olduğu barədə yanlış təsəvvür yarada bilər. “Trabzonspor” hesab edir ki, belə istifadələr yalnız Məhəmməd Salahın şəxsi və imic hüquqlarına deyil, eyni zamanda klubun brend hüquqlarına, kommersiya nüfuzuna və iqtisadi maraqlarına da zərər vura bilər.
Bordo-mavili klub Salahın və “Trabzonspor”un hüquqlarını pozan reklam və kommersiya istifadələrinin sənədləşdirildiyini açıqlayıb. Klub müəyyən edilən pozuntularla bağlı hüquqi və cinayət xarakterli müraciətlərin ediləcəyini bildirib. “Trabzonspor” həmçinin futbol sevgisi və azarkeşliyin hüquqla qorunan şəxsi və kommersiya hüquqlarından icazəsiz istifadə üçün əsas ola bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, söhbət Məhəmməd Salahın adının və görüntülərinin üçüncü şəxslər tərəfindən kommersiya məqsədilə istifadəsi ilə bağlı klubun açıqladığı hüquqi mövqedən gedir.
