ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda onun haqqında söylədiyi fikirləri şəxsi sosial şəbəkə hesabında paylaşması ictimai və siyasi dairələrdə maraqla qarşılandı. Dövlət başçısı çıxışında Trampın prezidentliyi dövründə heç bir müharibəyə başlamamasını, həmçinin ailə dəyərlərinə sadiq qalmasını müsbət hal kimi qiymətləndirib və onu təqdir edib.
Bu jest yalnız şəxsi əlaqələrin ifadəsi deyil, həm də ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə və mümkün inkişaf istiqamətlərinə işıq salır. Analitiklərin fikrincə, ABŞ liderinin Azərbaycan Prezidentinin çıxışını paylaşması, təkcə diplomatik nəzakət xarakteri daşımır, o cümlədən, daha geniş geosiyasi və strateji məqsədlərlə əlaqəlidir.
Trampın paylaşımı Ağ Evdən Bakıya hansı mesajın verilməsi mənasına gəlir? Bu, ABŞ-Azərbaycan əlaqələrinin gələcək inkişafına necə təsir edəcək?
Referans bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyevin çıxışı iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlib:
“Bu, rəsmi Vaşinqtona verilən aydın mesajdır. Co Bayden administrasiyası dövründə iki ölkə arasında ciddi problemlər yaşanırdı. Bu problemlər əvvəlki hakimiyyətin siyasətindən irəli gəlirdi. Xüsusilə Qarabağdakı separatçıların dəstəklənməsi məsələsində özünü açıq şəkildə göstərirdi. Əliyevin Xankəndidəki çıxışında işlətdiyi “Vaşinqton bataqlığını qurutmaq” ifadəsi çox maraqlıdır və beynəlxalq siyasi termin kimi istifadə olunur. Trampın əsas hədəfi də məhz budur — Vaşinqton siyasətinə təsir edən lobbilərin təsirindən qurtulmaq.
İki ölkə arasında yaranmış problemlərin kökü, məhz bu “bataqlıq”dan qaynaqlanırdı. ABŞ-ın xarici siyasətində və Konqres qərarlarında bu açıq şəkildə əks olunurdu. Bayden administrasiyasından başlayaraq yaranan gərginlik Trampın hakimiyyətə gəlməsi ilə kifayət qədər səngidi. ABŞ-dan verilən mesajlar və Trampla Əliyev arasındakı danışıqlar bunu aydın şəkildə göstərir.
Prezident İlham Əliyev Xankəndidə mövcud reallıqları açıq şəkildə bildirdi. İki ölkə arasında münasibətlərin normallaşması üçün tərəflər tam hazır olduqlarını nümayiş etdirirlər”.