backend

Tramp Maduronu təhdid etdi: Bu son olacaq!

ABŞ Prezidenti Donald Tramp Venesuela ətrafında “nəhəng Amerika donanmasının” yerləşdiyini bildirərək, Venesuela Prezidenti Nikolas Maduroya sərt xəbərdarlıq edib.

Tramp bildirib ki, “Maduro istədiyini edə bilər, lakin bu onun sərt davrana biləcəyi sonuncu addım olacaq”.

Tramp bu açıqlamaları tətilini keçirdiyi Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

ABŞ prezidenti Venesuelanın ABŞ-yə çox sayda qanunsuz miqrant və cinayətkar göndərdiyini iddia edib. O, həmçinin ölkəyə daxil olan külli miqdarda narkotik maddənin Venesuela mənşəli olduğunu bildirərək, bunun qarşısının alınacağını vurğulayıb.

“ABŞ-nin əsas məqsədi Maduronu hakimiyyətdən uzaqlaşdırmaqdırmı?” sualına cavab verən Tramp, “Bu, yəqin ki, belə olardı. Bunu dəqiq deyə bilmərəm. Nə edəcəyinə Maduro özü qərar verir. Bunu etməsi onun üçün daha ağıllı olardı. Gözləyək, görək nə baş verəcək”, – deyə qeyd edib.

Maduronu dolayı yolla təhdid edən Tramp əlavə edib: “İstədiyini edə bilər. Amma əgər sərt oynayarsa, bu onun üçün sonuncu dəfə olar. Cənubi Amerikada indiyədək sahib olduğumuz ən böyük donanmaya malikik”.

Tramp Karib hövzəsində narkotik daşıdığı ehtimal edilən gəmilərin hədəf alınmasına davam ediləcəyini, Venesuela mənşəli və sanksiyalara məruz qalan neft tankerlərinə isə əl qoymağın sürdürüldüyünü bildirib.

ABŞ prezidentinin sözlərinə görə, sonuncu dəfə müsadirə edilən tankerə aid neft ABŞ-nin nəzarətində qalacaq və bu neftdən istədikləri kimi istifadə edə bilərlər.
Tramp eyni zamanda Kolumbiyanı da hədəf alaraq, bu ölkədə kokain istehsal edildiyini və ABŞ-yə göndərildiyini iddia edib. O, Kolumbiya Prezidenti Qustavo Petroya işarə edərək, “Orada narkotik fabrikləri var. Kolumbiyada kokain istehsal olunur və ABŞ-yə göndərilir. Buna görə də diqqətli olmalıdır”, – deyə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki