ABŞ prezidenti Donald Trumpın Çinə mümkün səfəri dünya siyasətində diqqətlə izlənilir. Ekspertlər hesab edirlər ki, səfər iki ölkə arasında dialoq baxımından əhəmiyyət daşısa da, Vaşinqton və Pekin arasında mövcud olan dərin geosiyasi ziddiyyətlər fonunda ciddi və fundamental razılaşmaların əldə olunması çətin görünür.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Donald Trampın Çinə səfəri ilə bağlı məsələ kifayət qədər konkret xarakter daşıyır.
Onun sözlərinə görə, Tramp prezidentliyinin ilk dövründə – 2017-ci ildə Çinə səfər edib və 2025-ci ildə Cənubi Koreyada keçirilən beynəlxalq konfrans zamanı Çin sədri Xi Jinping ilə görüşüb.
Politoloq qeyd edib ki, Çin səfərinin vaxtının müəyyənləşdirilməsi göstərir ki, bu görüş ABŞ-Çin münasibətlərində müəyyən mərhələnin başlanğıcı ola bilər. Bununla belə, o hesab edir ki, tərəflər arasında mövcud olan ciddi geosiyasi problemlər fundamental razılaşmaların əldə olunması ehtimalını zəiflədir.
Aydın Quliyev bildirib ki, İran məsələsi və Tayvanın silahlandırılması kimi mövzularda Pekinlə Vaşinqton arasında dərin fikir ayrılıqları qalmaqdadır.
Ekspertin fikrincə, müəyyən ticarət məsələlərində razılaşmalar mümkündür. O, ABŞ-dan Çinə soya ixracı və Çindən Amerikaya ixrac olunan nadir torpaq elementlərinə tətbiq edilən tariflərin yumşaldılması istiqamətində addımların atıla biləcəyini istisna etməyib.
Politoloq əlavə edib ki, Donald Tramp Çindən İran üzərində müəyyən təsir göstərməsini istəyə bilər. Onun sözlərinə görə, hazırda İranın ixrac etdiyi neftin təxminən 70 faizini Çin alır və Pekinin Tehran üzərində müəyyən təsir imkanları mövcuddur.
Bununla belə, Aydın Quliyev hesab edir ki, Çin öz strateji müttəfiqi olan İrana qarşı ABŞ-ın maraqları naminə ciddi təzyiq göstərməyəcək. O vurğulayıb ki, Pekin belə addımlar müqabilində Vaşinqtondan böyük güzəştlər əldə etməyə çalışa bilər.
Sonda politoloq qeyd edib ki, Trampın Pekinə mümkün səfəri zamanı çoxsaylı məsələlər müzakirə olunsa da, ABŞ-Çin münasibətlərində yeni böyük eranın başlanacağı və ya fundamental razılaşmaların əldə ediləcəyi o qədər də inandırıcı görünmür.
