Tramp vergi məlumatlarının yayılmasına görə 10 milyard dollarlıq iddia qaldırdı

ABŞ Prezidenti Donald Tramp ilk prezidentlik dövründə ona məxsus vergi məlumatlarının media qurumlarına yayılması ilə bağlı ABŞ Daxili Gəlirlər Xidməti (IRS) və ABŞ Maliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Referans Media xəbər verir ki, Florida ştatının Cənub Dairə Məhkəməsində açılan iddiaya əsasən, Trampın oğulları Erik Tramp və Donald Tramp kiçik, eləcə də “Trump Organization” şirkəti IRS və Maliyyə Nazirliyinə qarşı iddiaçı qismində çıxış edir.

Tramp vergi məlumatlarının yayılması səbəbilə 10 milyard dollar məbləğində təzminat tələb edir.

İddia ərizəsində qeyd olunur ki, gizli vergi qeydlərinin yayılması maliyyə zərərinə səbəb olub, ictimaiyyət qarşısında utancverici vəziyyət yaradıb, işgüzar nüfuza əsassız şəkildə xələl gətirib və bu məlumatların təhrif olunaraq yayılması Prezident Tramp və digər iddiaçıların ictimai imicinə mənfi təsir göstərib.

ABŞ Vergi Xidmətində müqavilə əsasında çalışan Çarlz Litlcon Trampa aid sənədlər də daxil olmaqla, əksəriyyəti milyarder olan 1000-dən çox şəxsin vergi bəyannaməsini yayımlayaraq New York Times və ProPublica media qurumlarına ötürmüşdü.

İddia sənədlərində bildirilir ki, bu məlumatların yayılması 2020-ci il prezident seçkilərində Trampın seçicilər arasında dəstəyinə mənfi təsir göstərib.

Trampa və digər şəxslərə məxsus vergi məlumatlarının media qurumlarına yayılmasında təqsirini etiraf edən Litlcon 2024-cü ilin yanvarında 5 il həbs cəzasına məhkum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki