ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda yeni sərt açıqlama verərək, razılaşmanın pozulacağı halda “daha əvvəl görülməmiş miqyasda qarşıdurma” başlaya biləcəyini bildirib.
Tramp bildirib ki, İran razılaşmanın bütün şərtlərinə əməl etdiyinə tam əmin olunana qədər ABŞ-a məxsus gəmilər, təyyarələr və hərbi personal hazırkı mövqelərini qoruyacaq. O, razılaşmanın pozulması ehtimalını aşağı qiymətləndirsə də, bunun baş verəcəyi halda çox sərt cavab veriləcəyini vurğulayıb.
Referans Media xəbər verir ki, Tramp açıqlamasında ABŞ ordusunun hazır vəziyyətdə olduğunu qeyd edərək, belə deyib:
“Əgər razılaşma pozularsa, qarşıdurma daha əvvəl heç görülməmiş güclə başlayacaq.”
“10 maddəlik plan” iddialarını təkzib etdi
ABŞ prezidenti İranla danışıqlarla bağlı mediada yayılan “10 maddəlik plan” iddialarını da rədd edib. Tramp bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir və bəzi media qurumları tərəfindən uydurulub.
Onun sözlərinə görə, ABŞ-ın əsas mövqeyi dəyişməz qalır:
İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək
Hörmüz Boğazı açıq və təhlükəsiz qalmalıdır
Kövrək atəşkəs təhlükə altındadır
ABŞ və İran arasında əldə edilən iki həftəlik kövrək atəşkəs ilk günlərdə ciddi sınaqla üzləşib. İsrailin Livana intensiv hava zərbələri endirməsi bölgədə gərginliyi yenidən artırıb. İsrail hökumətinə rəhbərlik edən Benyamin Netanyahu Livanın atəşkəs razılaşmasına daxil olmadığını bildirib və əməliyyatların davam edə biləcəyini açıqlayıb.
Regional gərginliyin artdığı bir vaxtda Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə Donald Tramp arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki vəziyyəti və əldə edilən atəşkəsin qorunması yollarını müzakirə ediblər.
Eyni zamanda Fransa Prezidenti Emmanuel Makron Livanın da prosesə daxil edilməsinin vacibliyini vurğulayıb.
Hörmüz boğazı yenidən risk altında
İran tərəfi isə İsrail hücumlarının davam edəcəyi halda strateji enerji keçidi olan Hörmüz boğazını bağlaya biləcəyinə işarə edib. Bu isə dünya enerji bazarları üçün ciddi risk hesab olunur.
İranın elit hərbi qurumu olan İran İnqilab Keşikçiləri Korpusu xəbərdarlıq edib.























