Türkiyənin İstanbul şəhərində güclü yağışların səbəb olduğu sel fəlakətindən sonra hakimiyyət orqanları əhaliyə xəbərdarlıq edib. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda hər kvadratmetrə 273 kiloqram yağıntı düşdüyünü və 3 057 nəfərin xilas edildiyini açıqlayıb.
Referans Media xəbər verir ki, İstanbulda sel fəlakəti ilə bağlı görülən işlərin müzakirəsi üçün nazir Murat Kurumun rəhbərliyi ilə Fövqəladə Halların Koordinasiyası üzrə toplantı keçirilib. İclasdan sonra açıqlama verən nazir bildirib ki, Türkiyənin Meteorologiya Baş İdarəsi 24 vilayət üçün sarı, daha iki vilayət üçün isə narıncı səviyyəli xəbərdarlıq elan edib. Onun sözlərinə görə, İstanbulda yağışların davam edəcəyi gözlənilir. Xüsusilə şəhərin Avropa hissəsində səhər saatlarından etibarən yenidən güclü yağıntıların olacağı proqnozlaşdırılır.
“Əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənildiyindən vətəndaşlarımızdan xahiş edirik ki, məcbur olmadıqca evdən çıxmasınlar. Hər hansı ehtiyacları olarsa, rayon administrasiyalarına və bələdiyyələrə müraciət edə bilərlər”, – deyə nazir vurğulayıb.
Murat Kurumun sözlərinə görə, İstanbul son 83 ilin ən uzunmüddətli yağışlarından birini yaşayıb. Şəhərdə hər kvadratmetrə 273 kiloqram yağıntı düşüb. Nazir bu göstəricinin təxminən 27 santimetr su hündürlüyünə uyğun gəldiyini bildirib. O, təhlükəsizlik qüvvələrinin 3 057 nəfəri xilas etdiyini, bir sıra sakinlərin isə təhlükəsiz yerlərdə yerləşdirildiyini qeyd edib. Güclü yağışlar nəticəsində 48 torpaq sürüşməsi baş verib, 53 istinad divarı uçub. Hadisələrlə bağlı ümumilikdə 9 755 müraciət daxil olub. Nazir əlavə edib ki, İstanbulun 39 rayonunda 110 nəqliyyat vasitəsi vasitəsilə sakinlərə yardım göstərilir. Daşqınların vurduğu zərərin müəyyənləşdirilməsi istiqamətində də işlər aparılır. Təkcə Ayazağa ərazisində 300 iş yerinə və 200 avtomobilə ziyan dəydiyi müəyyənləşdirilib.
Açıqlamada bildirilib ki, ehtiyat tədbirləri çərçivəsində Eyüpsultan, Sarıyer və Şile rayonlarında altı yol marşrutu nəqliyyatın hərəkəti üçün bağlanıb. Təxminən 40 min sakinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Güclü yağışlar Kocaeli və Sakarya vilayətlərində də fəsadlara səbəb olub. Sakaryada hər kvadratmetrə 140 kiloqram yağıntı düşüb, bir ev dağılıb və körpü uçub. Başiskele və Kartepe rayonlarında isə çayların məcrasından çıxması nəticəsində daşqınlar qeydə alınıb. Murat Kurum bildirib ki, aidiyyəti qurumlar zərərçəkənlərə yardım göstərir, yaşayış evlərinə və obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi davam edir.
Murat Kurum güclü yağışların iqlim dəyişikliyi ilə əlaqəli riskləri bir daha gündəmə gətirdiyini vurğulayıb. Onun sözlərinə görə, şəhərlərin gələcəkdə daha şiddətli hava hadisələrinə hazır olması üçün infrastruktur və şəhərsalma planları yenidən qiymətləndirilməlidir. Nazir xüsusilə riskli binaların möhkəmləndirilməsi, çay yataqlarının təmizlənməsi, daşqın təhlükəsinin yenidən qiymətləndirilməsi və suötürücü sistemlərin müntəzəm yoxlanılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Türkiyədə bəzi bölgələrdə əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənilir. Rəsmilər sakinləri ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqları izləməyə çağırıblar.
