Türkiyədə səs-küylü əməliyyat: Keçmiş və hazırkı bələdiyyə sədrləri saxlanıldı

Türkiyənin İzmir şəhərinin Buca rayonunda genişmiqyaslı əməliyyat keçirilib. İzmir Respublika Prokurorluğunun başladığı istintaq çərçivəsində Buca Bələdiyyəsinə qarşı əməliyyat zamanı çox sayda şəxs saxlanılıb.

Referans Media xəbər verir ki, saxlanılanlar arasında Buca Bələdiyyəsinin hazırkı sədri Görkem Duman və rayonun keçmiş bələdiyyə sədri Erhan Kılıç də var.

Əməliyyat səhər saatlarında həyata keçirilib. Bildirilir ki, Görkem Duman yaşadığı ünvanda saxlanılıb və onun evində axtarış aparılır. İstintaq çərçivəsində digər şəxslərin də saxlanıldığı qeyd olunur.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Hələlik saxlanılmaların səbəbi və irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Görkem Duman 1988-ci ildə Buca rayonunda anadan olub. O, müxtəlif ali təhsil müəssisələrində inşaat texnologiyaları, biznes idarəçiliyi və memarlıq ixtisasları üzrə təhsil alıb. Memarlıq sahəsində fəaliyyət göstərdikdən sonra siyasətə qoşulan Duman 2024-cü il yerli seçkilərində Buca Bələdiyyəsinin sədri seçilib.

İstintaqın gedişi və əməliyyatın detalları ilə bağlı yeni məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki