Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu yeni avtomagistral layihəsi ilə bağlı təfərrüatları açıqlayıb. Nazir layihənin icra müddəti, uzunluğu və gətirəcəyi üstünlüklər barədə məlumat verib.
Uraloğlu bildirib ki, Cənubi Marmara Avtomagistralı Layihəsi çərçivəsində 2024-cü il etibarilə ümumi ixrac həcmi 60 milyard dolları aşan Kocaeli, Bursa və Sakarya şəhərləri bir-biri ilə daha səmərəli şəkildə inteqrasiya olunacaq.
Nazir Yalova–İzmit istiqamətində inşa ediləcək avtomagistralın Marmara bölgəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, layihə yol-nəqliyyat daşımalarını daha sürətli, təhlükəsiz və effektiv edəcək.
Abdulkadir Uraloğlu qeyd edib ki, layihə 66 kilometrlik əsas magistral yol (3 gediş, 3 gəliş olmaqla 6 zolaq) və 12 kilometrlik bağlantı yollarından (2 gediş, 2 gəliş) ibarət olacaq. Beləliklə, avtomagistralın ümumi uzunluğu 78 kilometr təşkil edəcək.
Nazir layihənin marşrutu barədə də məlumat verib. Bildirilib ki, yol Yalovanın Çiftlikköy rayonuna bağlı Laledere kəndindən, İstanbul–İzmir avtomagistralından başlayacaq, şərq istiqamətində irəliləyərək Valideköprü kəndində İznik–Altınova yolunu kəsəcək və Gölcükün cənubuna çatacaq.
Marşrut Yuvacık su anbarının şimalından və Kartepe qəsəbəsindən keçərək Cengiz Topel Hava Limanının cənubunda Ankara–İstanbul Avtomagistralına birləşməklə yekunlaşacaq.
Layihə çərçivəsində 14 yol qovşağı, ümumi uzunluğu 27,9 kilometr olan 8 tunel, 3,3 kilometr uzunluğunda 9 viaduk və 3,6 kilometr uzunluğunda 51 körpünün inşa edilməsi planlaşdırılır.
