Alimlər xərçəng müalicəsində inqilabi hesab olunan yeni “ağıllı sarğı” texnologiyası hazırlayıblar.
Referans Media xəbər verir ki, lazerlə aktivləşdirilən innovativ cihazın xərçəng hüceyrələrini sağlam toxumalara zərər vermədən məhv etdiyi açıqlanıb. Yeni texnologiyanın əsasını lazerlə işlənmiş qrafen strukturu və yumşaq silikon polimer daxilinə yerləşdirilmiş mis(II) oksid komponentləri təşkil edir. Sarğı normal vəziyyətdə bədənlə təmasda olduqda passiv qalır, lakin aşağı güclü xüsusi lazer vasitəsilə aktivləşdirildikdə fəaliyyətə başlayır.
Lazer işığı sarğını təxminən 42 dərəcəyə qədər qızdırdıqda cihaz idarə olunan şəkildə mis ionları ifraz edir. Dəriyə nüfuz edən bu ionlar sağlam hüceyrələrə toxunmadan birbaşa şiş toxumasında güclü oksidləşdirici stress yaradır və xərçəng hüceyrələrini daxildən məhv edir. Laboratoriya heyvanları üzərində aparılan kliniköncəsi sınaqlarda texnologiyanın olduqca yüksək nəticə göstərdiyi bildirilib.
Araşdırmalar zamanı tətbiqdən cəmi 10 gün sonra melanoma ocaqlarının 97 faiz kiçildiyi müşahidə olunub. Eyni zamanda ətraf toxumalardakı sağlam hüceyrələrin zərər görmədiyi vurğulanıb. Bildirilir ki, cihazın ən mühüm üstünlüklərindən biri yalnız şişi kiçiltməsi deyil, həm də immunitet sistemini aktivləşdirməsidir. Bu immun cavab xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının- metastazın qarşısını almağa kömək edir. Təkrar istifadə edilə bilməsi, tətbiqinin sadə olması və orqanizmdə metal yığılmasına səbəb olmaması səbəbindən alimlər bu texnologiyanı gələcəyin təhlükəsiz və əməliyyatsız xərçəng müalicə üsullarından biri hesab edirlər.sfera.az
