Yaponiyada nüvə tənzimləyici qurumda çalışan bir vəzifəli şəxs Çinə səfəri zamanı məxfi məlumatlar saxlanan xidməti telefonunu itirib.
Referans Media xəbər verir ki, Yaponiya mediasının yaydığı məlumata görə, hələ də tapılmayan smartfonda Nüvə Tənzimləmə Qurumunun nüvə təhlükəsizliyi bölməsində çalışan əməkdaşların adları və əlaqə məlumatları olub.
Hadisə barədə Yaponiya Şəxsi Məlumatların Qorunması Komissiyasına məlumat verən qurum, məlumat sızması ehtimalının istisna edilmədiyini açıqlayıb.
Mənbələrin bildirdiyinə görə, hadisə noyabrın 3-də Şanxay hava limanında təhlükəsizlik yoxlaması zamanı baş verib. Sözügedən şəxs əl yükündən əşyalarını çıxararkən telefonunu itirdiyini ehtimal edir.
Vəzifəli şəxs telefonun itdiyini yalnız üç gün sonra anlayıb. Lakin bu müddət ərzində cihaz tapılmayıb. Telefon şəbəkə əhatəsindən kənarda olduğu üçün onu uzaqdan kilidləmək və ya içindəki məlumatları silmək mümkün olmayıb.
Nüvə Tənzimləmə Qurumu bildirib ki, əməkdaşlara verilən xidməti telefonlar fövqəladə hallarda onlarla əlaqə saxlamaq məqsədi daşıyır və bu səbəbdən, xarici səfərlər də daxil olmaqla, telefonların daim üzərlərində saxlanılması tələb olunur.
Qurum gələcəkdə oxşar halların qarşısını almaq üçün əlavə tədbirlərin görüləcəyini, eləcə də xaricə səfərlər zamanı smartfon daşınması ilə bağlı qaydaların yenidən nəzərdən keçiriləcəyini bəyan edib.
Gülnaz Abdullazadə.
