Yeni Zelandiyanın Şimal adasının bəzi bölgələrində sel və torpaq sürüşmələri qeydə alınıb. Təbii fəlakətlər nəticəsində itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Referans Media xəbər verir ki, Şimal adasına bağlı Bay of Plenty bölgəsində, Maunganui dağının ətəklərində yerləşən bir düşərgə ərazisində yerli vaxtla təxminən 09:30 radələrində torpaq sürüşməsi baş verib.
Polis rəsmisi Tim Anderson torpaq sürüşməsi nəticəsində itkin düşən şəxslərin sayının “birrəqəmli” olduğunu bildirib, lakin təbii fəlakətdən neçə nəfərin zərər çəkdiyi barədə məlumat verməyib.
Anderson Papamoa bölgəsində də torpaq sürüşməsi baş verdiyini qeyd edərək, fəlakət zamanı itkin düşən iki nəfərin axtarışlarının davam etdiyini deyib.
Yeni Zelanda Yanğınsöndürmə və Fövqəladə Hallar Xidmətinin rəsmisi William Pike isə torpaq sürüşməsindən üç saat sonra sağ qalan heç kimə rast gəlinmədiyini bildirib. Ölən və ya itkin düşənlərin sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Pike ətraf sakinlərin torpaq sürüşməsindən sonra dağıntılar altından səslər eşitdiklərini söylədiklərini, hadisə yerinə çatan ilk yanğınsöndürmə qrupunun da səslər eşitdiyini, lakin həmin vaxtdan bəri heç bir həyat əlamətinin qeydə alınmadığını deyib.
Şimal adasının böyük hissəsini əhatə edən güclü yağışlar zamanı adanın şimalında yerləşən Warkworth qəsəbəsi yaxınlığında bir nəfər selə qapılaraq itkin düşüb.
Adanın müxtəlif bölgələrində baş verən digər sel və torpaq sürüşmələri səbəbindən bir çox yollar bağlanıb, onların açılması üçün işlər davam etdirilir.
Yeni Zelanda Baş naziri Christopher Luxon hökumətin fəlakətlərdən zərər çəkənlərə dəstək göstərmək üçün işləri davam etdirdiyini açıqlayıb.
