Yunanıstanda hava limanlarında gün ərzində reyslərin ləğvinə səbəb olan texniki nasazlıqla bağlı prokurorluq tərəfindən istintaqa başlanıldığı bildirilib.
Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, Afina Baş Prokuroru Aristidis Korias hava limanlarında uçuşların dayandırılmasına gətirib çıxaran texniki problemin araşdırılması məqsədilə təcili istintaqın başlanması barədə göstəriş verib.
Araşdırma Elektron Cinayətlər İdarəsi tərəfindən aparılacaq. İstintaq çərçivəsində hava gəmilərinin rabitə sistemlərinə təhlükəli müdaxilə olub-olmadığı araşdırılacaq, bu hal təsdiqlənərsə, demək olar ki, bütün Yunanıstan hava məkanına təsir göstərən problemin mənbəyi müəyyən ediləcək.
Dünən baş verən nasazlıq səbəbindən ləğv olunan reyslərin yığılması nəticəsində bu gün də uçuşlarda gecikmələrin davam etdiyi bildirilir.
Qeyd edək ki, Yunanıstan Hava Hərəkəti Xidmətlərinin tezliklərində dünən səhər saatlarında yaranan texniki nasazlıq səbəbindən gün ərzində planlaşdırılan uçuşların bir hissəsi həyata keçirilə bilməyib, onlarla reys ləğv olunub.
Yunanıstan Mülki Aviasiya İdarəsi (IPA) açıqlamasında uçuşlarda aksamalara səbəb olan problemin Afina FIR-i əhatə edən tezliklərdə genişmiqyaslı parazitlənmədən qaynaqlandığını bildirib. Rəsmi məlumatda qeyd olunub ki, dünən saat 08:59-da Afina FIR-də xidmət göstərən demək olar ki, bütün radio tezliklərində eyni vaxtda və davamlı parazitlənmə qeydə alınıb.
Eyni zamanda hava hərəkətinə nəzarətdə istifadə olunan xüsusi rabitə xətləri və əməliyyat telefon xətlərində də kəsintilər yaşandığı vurğulanıb. Hadisənin miqyası, coğrafi yayılması və davametmə müddəti baxımından indiyədək görünməmiş xarakter daşıdığı, tezliklərdə müşahidə olunan parazitin davamlı və istənilməyən yayım formasında ortaya çıxdığı bildirilib.
Afina şəhərində yerləşən Eleftherios Venizelos Hava Limanından gecə saatlarında verilən açıqlamada isə nasazlığın aradan qaldırıldığı qeyd edilib.
