image-ukrayna-devlet-baskani-zelenski-yarin-turkiyeye-geliyor-mbmjbackend

Zelenskidən Bəyanat: Ukrayna üçün bütün güclər səfərbər olmalıdır!

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Rusiyanın hücumlarına qarşı davamlı müdafiə üçün bütün güclərin səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Referans Media xəbər verir ki, video müraciətində Zelenski bildirib ki, ölkədə enerji infrastrukturu da daxil olmaqla bir çox bölgə “Shahed” dronlarının hədəfi altındadır. “Kiyev ən çətin vəziyyətdədir. Hava qüvvələrinin dronlara qarşı əməliyyatları kifayət qədər effektiv deyil. Mobil atəş qrupları və F-16-lar var, amma hava qüvvələrinin fəaliyyət üsulu dəyişməlidir” – deyə o qeyd edib.

Prezident ABŞ və Avropa tərəfdaşları ilə Ukraynaya göndəriləcək müdafiə paketləri üzrə danışıqların davam etdiyini, hər gün hava müdafiə raketləri, silahlar, təmir və ehtiyat avadanlıqlarına ehtiyac olduğunu bildirib. Zelenski, İsveçrədə keçiriləcək Davos Zirvəsinə də toxunaraq, “Əgər Davos Ukraynanın real ehtiyaclarına cavab verməsə, iştirakımız çətin olacaq. Boş siyasət və nəticəsiz söhbətlərə ehtiyac yoxdur” deyib.

Eyni zamanda, ölkədəki elektrik və istilik problemlərinə də diqqət çəkən Zelenski bildirib ki, yalnız Kiyev şəhərində bir milyondan çox insan hazırda elektriksizdir və 4 min bina istilik təminatı ilə bağlı çətinlik yaşayır. Prezident bildirib ki, bütün dövlət qurumları və enerji şirkətlərinin rəhbərləri bu problemlərin həllinə yönəlməli, bütün güclər Ukrayna üçün səfərbər edilməlidir.

Zelenski vurğulayıb: “Bütün güclər Ukrayna üçün səfərbər edilməlidir. Ölkəmiz üçün hər kəs çalışacaq və belə də olacaq.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki