Gənc futbolçu Zeyd Nəsirulla gələcəyi ilə bağlı qərarını verib. O, Berlin Kubokunun qalibi olan “Herta Zelendorf” klubunun U-19 komandasında çıxış etməyə qərar verib. Regional Liqada mübarizə aparan bu komanda 2024/2025 mövsümündə əlamətdar uğura imza ataraq Berlin Kubokunu qazanmış və final mərhələsində “Herta Berlin” və “Union Berlin” kimi tanınmış klubları geridə qoymuşdu.
Klubun ciddi marağını və gələcək planlarını nəzərə alan Zeyd, Bundesliqa təkliflərinə baxmayaraq, Regional Liqada daha güclü rəqiblərə qarşı oynamağın inkişafı üçün daha faydalı olacağını bildirib:
“Öz yaşıdlarımla Bundesliqada oynamaq əlbəttə ki, prestijlidir. Amma düşünürəm ki, məndən 2-3 yaş böyük futbolçularla Regional Liqada mübarizə aparmaq inkişafım üçün daha effektiv olacaq. Bu, məni həm fiziki, həm də psixoloji cəhətdən daha tez yetkinləşdirir.”
Zeyd üçün bu qərarı daha da maraqlı edən məqamlardan biri də odur ki, “Herta Zelendorf” Berlin Kubokunun qalibi kimi 2024/2025 mövsümündə Almaniyanın ən nüfuzlu turnirlərindən biri olan DFB Kubokuna vəsiqə qazanıb. Bu isə o deməkdir ki, Zeyd və komanda yoldaşları Bundesliqa klublarına qarşı rəsmi matçlarda iştirak edəcəklər. Belə səviyyəli komandalarla üz-üzə gəlmək, xüsusilə də kubok formatında, gənc futbolçular üçün həm böyük təcrübə, həm də inkişaf baxımından unikal fürsətdir.
“DFB Kubokunda iştirak etmək və Bundesliqa komandalarına qarşı oynamamaq bir futbolçunun karyerasında nadir hallarda yaranan fürsətdir. Bu cür matçlar oyunçunu həm ruhlandırır, həm də motivasiyasını artırır. Mənim üçün bu turnirdə oynamaq həm böyük məsuliyyətdir, həm də xüsusi həyəcan verir,” – deyə Zeyd bildirib.
Transfer pəncərəsi iyunun 30-da bağlansa da, Zeyd Nəsirulla seçimini öncədən edərək yeni mövsümə motivasiyalı və hədəfli şəkildə “Herta Zelendorf”un heyətində başlamağa hazırlaşır. Onun qarşıdakı mövsümdə həm Regional Liqada, həm də DFB Kubokunda göstərəcəyi çıxış maraqla gözlənilir.