image-webbackend

35 yaşdan yuxarı olanlar DİQQƏT: Hansı sizin üçün əlçatandır?

Azərbaycanda dövlət ipotekası ilə bağlı yaş və gəlir tələbləri vətəndaşlar arasında ən çox müzakirə olunan mövzulardan biridir.

Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, güzəştli ipotekadan yararlanmaq üçün əsas şərtlərdən biri yaş meyarıdır.

Onun sözlərinə görə, tərəflərdən biri ən azı 35 yaşdan aşağıdırsa, müraciət etmək mümkündür:
“Əgər tərəflərdən biri 35 yaşdan azdırsa, bəli, müraciət edə bilər. Yox, hər iki tərəf 35 yaşdan yuxarıdırsa, artıq gənclər statusu əldə edilmir və bu baxımdan həmin güzəştli ipoteka imkanlarından yararlanmaq mümkün olmur.”

Ekspert qeyd edib ki, ipoteka kreditlərində minimum əmək haqqı tələbi mövcud deyil:
“Əmək haqqı tələbi götürülən məbləğdən asılıdır. Məbləğ aşağıdırsa, daha aşağı, yüksəkdirsə, daha yüksək gəlir tələb olunur. Əsas məsələ vətəndaşın ödəniş qabiliyyətidir. Ümumi gəlirin təqribən 40-50 faizi kredit ödənişlərini qarşılaya bilməlidir.”

Vüqar Oruc əlavə edib ki, ipoteka kreditlərində yaşla bağlı digər mühüm məqam kreditin qaytarılma müddətidir:
“Kredit elə planlaşdırılmalıdır ki, maksimum 70 yaşa qədər tam ödənilsin. Məsələn, 50 yaşlı şəxs müraciət edərsə, kredit müddəti 20 ildən artıq olmamalıdır.”

Onun sözlərinə görə, ailə üzvlərinin gəlirləri də nəzərə alınır:
“Ailənin hər iki üzvünün gəliri birlikdə hesablanır. Əgər ər və arvad hər ikisi işləyirsə və rəsmi gəlirləri varsa, birlikdə müraciət etmələri daha məqsədəuyğundur. Bu zaman daha yüksək məbləğdə kredit əldə etmək mümkündür.”

Ekspert vurğulayıb ki, 4 faizli güzəştli ipoteka yalnız müəyyən kateqoriyalara şamil olunur:
“Bu növ ipoteka əsasən dövlət qulluqçuları, gənc ailələr və dövlət tərəfindən müəyyən edilmiş digər imtiyazlı şəxslər üçün nəzərdə tutulub.”

Onun sözlərinə görə, 8 faizli adi ipoteka kreditlərində isə belə məhdudiyyətlər yoxdur:
“Güzəştsiz ipoteka, yəni 8 faizlə verilən kreditlər üçün istənilən Azərbaycan vətəndaşı müraciət edə bilər. Burada əsas şərt maliyyə imkanlarının uyğun olmasıdır.”

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki