Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalan terror qruplaşmasının üzvlərinə video müraciət ünvanlayaraq onları silahı yerə qoymağa çağırıb və 47 illik “mübarizənin” bitdiyini açıqlayıb. Məlumata görə, PKK üzvləri iyulun 11-də İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcəklər.
Qruplaşmanın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal olunur. İddialara görə, silahlarını təhvil verənlər İraqda yaşayacaqlar. Maraqlıdır ki, proses yekunlaşdıqdan sonra hətta Öcalanın həbsdən çıxarıla biləcəyinə dair fikirlər də səsləndirilir.
Qruplaşmanın tam şəkildə ləğvi iddiası nə dərəcədə realdır? Artıq 20 ildən çoxdur Türkiyədə həbsdə saxlanılan terrorçu rəhbər azad edilə bilərmi?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, hazırda yayılan xəbərlər, xüsusilə Öcalanın video müraciətindən sonra PKK-nın silahı yerə qoymağa hazırlaşması ilə bağlı məlumatlar bölgədə və Türkiyədə yeni bir mərhələnin başlaya biləcəyini göstərir:
“Lakin bu prosesin hansı şəkildə yekunlaşacağı və Öcalanın azadlığa çıxıb-çıxmayacağı müəyyən suallar doğurur.
Onun bu cür açıq çağırışı təşkilatın tarixində mühüm dönüş nöqtəsidir. Lakin unutmaq olmaz ki, PKK rəhbərliyinin bu çağırışa açıq cavab verməsi və tərksilah planını qəbul etməsi, qruplaşma daxilində yenidən parçalanmaların və fikir ayrılıqlarının baş verə biləcəyi ehtimalını da saxlamaqdadır.
PKK kimi terror təşkilatlarının tam şəkildə tərksilahı çox çətin, lakin müəyyən formada mümkündür. Qruplaşmanın təkcə Qəndil dağlarında yerləşən əsas qərargahı deyil, İraqda, Suriyada (YPG/SDG), İranda (PJAK) və hətta Avropada dəstəkləyici strukturları var. Bu faktorlar da nəzərə alınmalıdır. Süleymaniyyə bölgəsində silahların təhvil verilməsi yalnız müəyyən bölmələrə aid ola bilər. Yəni, prosesin “tam” olmasından çox mərhələli və hissə-hissə həyata keçməsi gözləniləndir”.
Ekspert bildirib ki, PKK və qollarının nəzarət etdiyi ərazilərdə nüfuz uğurunda müxtəlif kürd əşirətlərinə bağlı silahlı qruplaşmalar arasında kəskin rəqabət olacaq:
“Elə son yayılan digər xəbərlərə görə İraqın şimalında Ərbildə Bərzaniyə yaxın qüvvələrlə digər kürd əşirətinə məxsus silahlı qruplaşmalar arasında qarşıdurma baş verib. Münaqişənin hələ də davam etməkdə olduğu bildirilir.
Bu prosesin gedişatında biz PKK-nın siyasi-ideoloji qanadının daha da aktivləşərək leqal fəaliyyətə keçəcəyini gözləyə bilərik. Lakin silahlı fəaliyyətə son qoyulmasının özü, Türkiyə və region üçün önəmli təhlükəsizlik uğuru hesab oluna bilər.
Öcalanın azadlığa buraxılması isə ən mübahisəli və siyasi cəhətdən ən riskli məsələdir. O, hazırda ağırlaşdırılmış ömürlük cəza çəkir, azadlığa buraxılması Türkiyədə konstitusional və ictimai-siyasi reaksiya doğura biləcək qərardır. Lakin əgər PKK-nın tərksilahı tam və effektiv olarsa, bu, “sülh müqabilində güzəşt” modelinə gətirib çıxara bilər. Türkiyə rəhbərliyi Öcalanı azad etməsə də, cəza şəraitinin dəyişdirilməsi, ev dustaqlığı və ya vasitəçi kimi rolunun müzakirəsi mümkün variantlar sırasındadır. Belə bir addım, Türkiyənin daxili siyasətində kürd seçicilərə mesaj, eyni zamanda regionda sabitliyə çağırış ola bilər”.