ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra dayandırılan beynəlxalq uçuşlar yenidən bərpa olunur. İran ilə Türkiyə arasında ilk uçuşun bu gün Məşhəd–İstanbul marşrutu üzrə həyata keçirilməsi planlaşdırılır.
Referans Media xəbər verir ki, fevralın 28-də ABŞ və İsrailin hücumlarından sonra İranda bir sıra hava limanları zərər görmüş və təhlükəsizlik səbəbi ilə bütün beynəlxalq uçuşlar müvəqqəti dayandırılmışdı. Təxminən 52 günlük fasilədən sonra ölkədən ilk beynəlxalq reysin Türkiyəyə həyata keçiriləcəyi gözlənilir.
İranda onlayn aviabilet satışı həyata keçirən platformaların məlumatına görə, beynəlxalq uçuşlar mərhələli şəkildə bərpa olunur.
İran Mülki Aviasiya Təşkilatı Məşhəd hava limanından uçuşlar üçün bilet satışına icazə verib. Buna əsasən, Məşhəd–İstanbul reysinin çərşənbə axşamı yerli vaxtla saat 07:00-da həyata keçirilməsi planlaşdırılır.
Digər tərəfdən, ABŞ və İran arasında Pakistanda keçiriləcək ikinci mərhələ danışıqları da beynəlxalq gündəmdə qalmaqdadır. Məlumatlara görə, görüşdə hər iki tərəfdən yüksək səviyyəli nümayəndələr iştirak edəcək.
ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff və Cared Kuşner daxil olacaq.
İran tərəfini isə parlament sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və nazir müavini Əli Baqeri Kəninin təmsil edəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, həm uçuşların bərpası, həm də diplomatik danışıqların davam etməsi regionda gərginliyin tədricən azalmasına işarə edə bilər.























