8 nəfəri öldürən silahlı şəxs belə tutuldu - ANBAAN VİDEO

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda 8 nəfəri öldürən, bir nəfəri yaralayan və hadisə yerindən qaçan silahlı şəxs Əskişəhərdə saxlanılıb. Şübhəlinin tutulması zamanı açdığı atəş nəticəsində iki jandarm əməkdaşı yüngül yaralanıb.

Referans Media  xəbər verir ki, hadisələri törətməkdə şübhəli bilinən Arif Sefa Özdemir Əskişəhərin Seyitqazi rayonunda keçirilən əməliyyat nəticəsində ələ keçirilib.

Məlumata görə, şübhəli oğurladığı avtomobillə Əskişəhərə qaçıb. Seyitqazinin Taşlık məhəlləsində avtomobil palçığa batdıqdan sonra nəqliyyat vasitəsini tərk edərək qaçışını piyada davam etdirib. Jandarma əməkdaşları onun yerini Kuyucak məhəlləsi yaxınlığında müəyyən ediblər.

Təhlükəsizlik qüvvələrinin “Təslim ol” çağırışına şübhəli tüfənglə atəş açaraq cavab verib. Baş verən atışma zamanı iki jandarm əməkdaşı yüngül yaralanıb. Əməliyyat nəticəsində şübhəli zərərsizləşdirilərək saxlanılıb.

İlkin məlumatlara görə, silahlı hücumlar İhsaniye rayonunun Yuxarıtandır, Ayazini və Kıyır kəndlərində baş verib. Şübhəlinin nasoslu ov tüfəngindən istifadə edərək müxtəlif avtomobillərdə olan insanlara atəş açdığı bildirilir.

Hadisələr nəticəsində 8 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb. Həlak olanlardan ikisinin kənd müəllimləri Ayşe Sena Demir və Hilal Mete olduğu açıqlanıb.

Hücumdan sonra şübhəlinin qaçdığı avtomobilin təhlükəsizlik kameralarına düşdüyü və görüntülərin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı bildirilir.

Əskişəhər Valiliyi qonşu Afyonkarahisar vilayətində silahlı hücumları törətməkdə şübhəli bilinən şəxsin birgə əməliyyat nəticəsində saxlanıldığını təsdiqləyib.

Afyonkarahisar Valiliyi isə hadisələr nəticəsində 8 nəfərin öldüyünü, bir nəfərin ağır yaralandığını açıqlayıb. Bildirilib ki, araşdırma bütün istiqamətlər üzrə davam etdirilir.

Afyonkarahisar Baş Prokurorluğu hadisə ilə bağlı istintaq başladıldığını, araşdırmanın aparılması üçün bir baş prokuror müavini və üç prokurorun təyin edildiyini bəyan edib./Musavat.com/


Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki