Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 150-dən çox xidməti 90 faiz elektronlaşdırılıb. Bu xidmətlərin 52-i proaktiv şəkildə həyata keçirilir.
Referans Media xəbər verir ki, bunu nazir Anar Əliyev APA-ya müsahibəsində deyib.
Bildirib ki, nazirliyin qurumları vətəndaş özü müraciət etmədən, əgər hansısa sosial hüququ yaranırsa, bunu müəyyən edir və bilavasitə sosial ödənişlərin təyinatını elektron həyata keçirir. Bundan sonra həmin şəxsin telefonuna bununla bağlı bildiriş gedir.
“Ümumilikdə, nazirliyin 18 alt sistemdən ibarət mərkəzləşdirilmiş elektron informasiya sistemi var. 80-ə yaxın qurum bu sistemə inteqrasiya olunub. Rəqəmsallaşma həm də bizə şəffaflığı təmin etməyə, müxtəlif sui-istifadə hallarının qarşısını almağa imkan verir. Bu çərçivədə ötən müddət ərzində ölkəmizin sosial reyestri olan “e-sosial” platformasının hazırlanmasına və tətbiqinə nail olmuşuq. Bu portal vasitəsilə bu gün vətəndaşlar öz sosial hüquqlarının necə reallaşmasını aydın görə bilirlər. Nazirliyin informasiya sistemləri dövlət başçısının tapşırığına uyğun olaraq “Mygov” platformasına inteqrasiya olunan ilk dövlət qurumlarından biriyik. Mayın 1-dən “e- sosial” mobil tətbiqi “Mygov”a keçid edəcək. Növbəti dövrdə də bu istiqamətdə addımlar atılacaq”, – nazir əlavə edib.























