900-dən çox uçuş həyata keçirdi, amma pilot lisenziyası olmadığı üzə çıxdı

Kanadada aviasiya sektorunda böyük rezonans doğuran hadisə baş verib. İddialara görə, Air Canada aviaşirkətində uzun illər çalışan keçmiş pilot böyük sərnişin təyyarələrini idarə etmək üçün tələb olunan lisenziyaya malik olmadığı halda illərlə uçuşlar həyata keçirib.

Məlumata görə, 59 yaşlı Ceffri Uoll 2009–2025-ci illər arasında Air Canada-da kapitan pilot kimi fəaliyyət göstərib. Araşdırmalar zamanı onun iri kommersiya sərnişin təyyarələrini idarə etmək üçün zəruri olan Airline Transport Pilot License (ATPL) lisenziyasına sahib olmadığı müəyyən edilib.

İstintaqın məlumatına əsasən, Uoll bu müddətdə 900-dən çox daxili və beynəlxalq reysdə iştirak edib. Bildirilir ki, o, işəgötürəni və tənzimləyici qurumları aldatmaq üçün saxta lisenziya sənədlərindən istifadə edib. Fakt sənədlərin rutin yoxlanışı zamanı aşkar olunan uyğunsuzluqlardan sonra üzə çıxıb.

Air Canada şirkəti pilotun etibarlı kommersiya pilotu lisenziyasına malik olduğunu, lakin kapitan pilot kimi işləmək üçün tələb olunan daha yüksək səviyyəli lisenziyasının olmadığını təsdiqləyib. Şirkət bildirib ki, vəziyyət məlum olan kimi pilot vəzifəsindən uzaqlaşdırılıb və məsələ Kanada Nəqliyyat Nazirliyinə məlumat verilib.

Aviaşirkət hadisənin uçuş təhlükəsizliyinə təsir göstərmədiyini vurğulayıb. Qeyd olunub ki, pilotlar mütəmadi təlimlərdən keçir, hər altı aydan bir peşəkar uyğunluq yoxlamalarına cəlb olunur və ildə bir dəfə xüsusi uçuş qiymətləndirməsindən keçirlər.

Bununla belə, hadisə lisenziyaların yoxlanılması sisteminin etibarlılığı ilə bağlı ciddi suallar yaradıb. Pilot barəsində dələduzluq və saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb. Şirkət isə əlavə pozuntu aşkar edilmədiyini və lisenziya nəzarətinin gücləndirildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki