Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə HƏLAK OLDU

Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranov xidməti fəaliyyətini yerinə yetirərkən faciəvi şəkildə dünyasını dəyişib.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Rəsmi məlumata görə, diplomat Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol-nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak olub.

Xarici İşlər Nazirliyi baş vermiş bu ağır itki ilə bağlı dərin hüznlə başsağlığı bəyanatı yayıb:

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin!"

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki