image-abs-baybackend

ABŞ-Azərbaycan münasibətlərini soyudan dondurulmuş “907”

Amerikanlar 2026-cı ildə Azərbaycanın ilk rəsmi qonaqları oldular, özü də bayram günlərində…

Bu faktın özü həm də onu deyir ki, səfəri zəruri edən ciddi məsələlər olub. Rəsmi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxil olub. Göründüyü kimi, çox maraqlı heyətdir: Silahlı Qüvvələrin təmsilçisi, senator, Nümayəndələr Palatasının nümayəndələri, respublikaçılar, demokrat, maliyyəçi…Müzakirə mövzuları ilə bağlı bəzi məqamlar ictimailəşdirilib, amma istisna deyil ki, dopdolu gündəlik olub. Xüsusilə də Tramp administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində fövqəladə irəliləyişlərin olması danışılası kifayət qədər mövzuların, görüləsi xeyli işlərin olduğunu deməyə əsas yaradır. Həm də “Bayden-Blinken cütlüyü”nün Azərbaycanla münasibətlərə vurduqları zərbələr, bir çox məsələlərdə gecikmələr, yerində saymalar görülməsi zəruri olan xeyli işlərin olduğunu demək üçün kifayətdir.

Məlumatda bildirilir ki, qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını deyiblər. Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıblar. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.

ABŞ-nin Azərbaycandakı səfirliyinin görüşlə bağlı yaydığı məlumatda da maraqlı məqamlar var. Bildirilir ki, ikitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir. Vurğulanır ki, nümayəndə heyəti Prezident Trampın 8 avqust tarixində Ağ Evdə keçirilmiş tarixi Sammitindən sonra regionda davamlı sülhün təmin edilməsi, eləcə də ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Prezident Əliyev ilə görüşüb. Nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edib və təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün müdafiə naziri Zakir Həsənovla ayrıca görüş keçirib. “Görüşlər zamanı ikitərəfli təhlükəsizlik əməkdaşlığımızın əsas sütunlarından biri olan Oklahoma Milli Qvardiyası ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq proqramı da xüsusi vurğulanıb”, – səfirliyin məlumatında qeyd edilib.

Azərbaycan Prezidentinin qəbulundan sonra nümayəndə heyətinin müdafiə nazirimizlə görüşməsi ikitərəfli təhlükəsizlik sahəsində kifayət qədər mühüm məsələlərdən danışıldığını deməyə əsas yaradır. Azərbaycan sülh istəyir, təhlükəsizliyini təmin etməkdən ötrü büdcədən böyük vəsaitlər ayırır, Prezidentin müdafiə və təhlükəsizlik məsələlərinə nə qədər böyük diqqət verdiyini elə bayram müraciətində də gördük. Amma heç bir ölkə risklərdən sığortalanmayıb. Şimal qonşumuz müharibə aparır və ölkəmizə münasibəti də bəllidir. İran daxilində qarışıqlıq yaranıb, lakin Məsud Pezeşkianın iradəsinə zidd olaraq oradan da bəzi çevrələr tərəfindən vaxtaşırı daxili işlərimizə müdaxiləyə cəhdlər edilir. Bu mənada dünyanın ən qüdrətli ölkəsi ilə təhlükəsizlik məsələlərini müzakirə etməkdə fayda var. Üstəlik, Zəngəzur dəhlizinin – Tramp marşrutunun reallaşdırılmasında təhlükəsizlik məsələsi çox önəmlidir. Həm də Trampın önəm verdiyi qlobal layihədən söhbət gedir. Dəhlizin reallaşmasına qarşı çıxanlar hələ də var…Ən azı istəyirlər öz nəzarətlərində olsun burdakı işlər. Deməli, 8 avqust Vaşinqton razılaşmasının ardınca bu kimi səfərlər və danışıqlar, anlaşmalar ümumi işin xeyrinədir.

Amma hal-hazırda Azərbaycan və ABŞ arasındakı normal münasibətlərə zərbə vuran bir faktor var: 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş sanksiya qərarından, Azadlığı Müdafiə Aktına 907-ci düzəlişdən söhbət gedir. Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq etməklə anormal mövqe sərgiləmişdi.

Elə amerikalı qonaqlarla görüşdə də dövlətimizin başçısı bu məsələyə xüsusi toxunub, “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.

907-ci düzəlişin ləğvi dövlətimiz üçün olduqca önəmli məsələdir. Bu məsələ Azərbaycan – ABŞ münasibətlərinə xələl gətirir. Bəli, münasibətlər tarix boyu heç zaman indiki səviyyədə inkişaf etməyib. Amma bu qədər inkişafın fonunda 907-nin “dondurulmuş” halda saxlanması belə, anormallıqdır. Ümid var ki, Tramp administrasiyası dövründə məsələ müsbət həllini tapacaq. Son aylar ərzində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə dəfə bu mövzunu gündəmə gətirib. Bu günlərdə “The Washington Times” qəzetinə müsahibəsində H.Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini demişdi. “Hər iki hökumət – Azərbaycan və Ermənistan – sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrıseçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər”, söyləyən Prezidentin köməkçisi Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan etmişdi. Yeri gəlmişkən, ötən ilin sentyabrında H.Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşündə də 907-ci maddənin ləğvinin vacibliyini vurğulamışdı.

Təbii ki, bu sanksiya qərarı dərhal ləğv edilməlidir! Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan AĞ Evin rəhbəri Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar. Azərbaycan Ermənistana yanacaq satır, ərazisindən ermənilərə daşına taxıl üçün tranzit yolu açıb, amma “mən Azərbaycanla Ermənistan arasında sülhə nail oldum”, deyən prezidentin ölkəsində hələ də Azərbaycana qarşı sanksiya qərarı Domokl qılıncı kimi başmızın üstündən asılıb. Nə olsun ki, dondurulub? Tramp administrasiyasından sonra “donu açılsa…” onda necə? Həm də məntiqəuyğun görünmür, sülh prosesi varsa, ikili yanaşma da olmamalıdır! 1992-ci ildə, cəmi 1 yaşlı müstəqil Azərbaycana qarşı ədalətsiz münasibətə görə üzrxahlıq da edə bilərlər, olar cəsarət nümunəsi…

Zəruri qeyd: Bu fakt ABŞ-nin tarixində qara səhifədir: ərazisini işğal edən ölkəyə qarşı deyil, özünü müdafiə edən ölkəyə qarşı sanksiya qərarı verilib, erməni lobbisinin, ermənipərəst konqresmenlərin əli ilə. Özü də ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından (mart, 1992-ci il) bir neçə ay sonra! Nəhayət, 34 il sonra bu səhv ortadan qaldırılmalıdır. Min dəfə dedik, bu da olsun 1001-ci: 907-ci düzəlişi ləğv edin! ABŞ-Azərbaycan arasındakı istiləşən münasibətlərini soyudan həmin bu dondurulmuş “907”-dir!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki