Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları"nı təsdiq edib.
Referans Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, qaydalar "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında nəzərdə tutulan Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsi, həmçinin Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Yeni Suraxanı–Hövsan və Güzdək–Qaradağ dəmiryol xətlərinin bərpası layihələrinin icrasını təmin etmək məqsədi daşıyır.
Sənədə əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xəttinin oxunun hər iki istiqamətində 11 metr məsafəni əhatə edən xüsusi istifadə rejimli torpaq sahələri hesab ediləcək.
Qaydalara uyğun olaraq, ADY təhlükəsizlik zonasında dəmiryol xəttinin oxunun hər iki tərəfində 9 metr məsafədə, hündürlüyü yer səthindən 2,20 metrdən artıq olmayan qoruyucu çəpərlər və ya torlar quraşdıracaq.
Bundan əlavə, insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə avtomobil yolları ilə dəmir yolunun kəsişmələrində qatarların hərəkət tezliyi və avtomobillərin hərəkət intensivliyi nəzərə alınmaqla müxtəlif səviyyəli və ya qorunan xüsusi keçidlər təşkil ediləcək.
Qaydalara əsasən, təhlükəsizlik zonasının mühafizəsi məqsədilə ərazi videomüşahidə sistemləri ilə təchiz olunacaq və 24/7 rejimində nəzarətdə saxlanılacaq.
Sənədə görə, təhlükəsizlik zonasında digər təyinatlı bina, tikili və qurğuların yerləşdirilməsinə və inşasına icazə verilməyəcək.
Qeyd edək ki, ADY son illər sərnişinlərin və dəmir yolu infrastrukturu ətrafında yaşayan əhalinin təhlükəsizliyinin artırılması məqsədilə dəmiryol infrastrukturunun modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu çərçivədə maarifləndirmə tədbirləri təşkil olunur, keçidlərdə infrastruktur yenilənir, yol nişanları təkmilləşdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində ümumilikdə 100 min metr uzunluğunda qoruyucu hasarlar quraşdırılıb.



