Ölkənin ictimai nəqliyyat sistemində həyata keçirilən son islahatlar və daşıyıcı şirkətlərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni mexanizmlərin tətbiqi geniş müzakirələrə səbəb olub. Dövlət tərəfindən ictimai nəqliyyatın inkişafı üçün ayrılan 150 milyon manatlıq vəsaitin bir hissəsinin avtobusların qət etdiyi məsafəyə (kilometrə) görə ödənilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu qərar, ilk növbədə daşıyıcı şirkətlərin fəaliyyətinin tənzimlənməsinə və xidmət keyfiyyətinin artırılmasına hesablanıb:
"Əslində, məsafəyə görə gediş haqqı və ödəniş sisteminin tətbiqi mütərəqqi bir addımdır. İndi tətbiq olunan mexanizm sərnişinlərin ödənişinə deyil, dövlət tərəfindən daşıyıcı şirkətlərə qat etdikləri məsafəyə görə ödənişlərin edilməsini nəzərdə tutur. Ayrılan 150 milyon manatlıq vəsaitdən daşıyıcı şirkətlərə gün ərzində qət etdikləri kilometrə əsasən, aylıq elektron qaimə tətbiq edildikdən sonra ödəniş ediləcək."
"Sərnişin yolda qalmamalıdır"
Ekspertin sözlərinə görə, dövlətin bu addımda əsas məqsədi və marağı sərnişinlərin yolda qalmaması və xəttə olan avtobusların qrafikə tam riayət etməsidir:
"Dövlət burada açıq şəkildə mesaj verir ki, xətdə saat 23:00-a, hətta 00:00-a qədər işləməli olan avtobuslar gecə saat 11-dən sonra yoxa çıxmamalıdır. Daşıyıcı bilməlidir ki, avtobusda 1 sərnişin də olsa, 5 sərnişin də olsa, dövlət həmin kilometrə görə pulu ödəyir. Ona görə də avtobuslar boş keçsə belə, marşrut üzrə məsafəni tam qət etməlidir. Burada dövlətin marağı vətəndaşın rahatlığı, daşıyıcının marağı isə gəlir qazanmaqdır."
Daşıyıcıların marağı və qiymət riski
Elməddin Muradlı vurğulayıb ki, sistemin effektiv işləməsi üçün rentabellik düzgün hesablanmalı və daşıyıcı şirkətlərin də maraqları qorunmalıdır:
"Daşıyıcı şirkətlər öz xərcini və gəlirini çox yaxşı bilən qurumlardır. Onlar bir kilometrlik dövriyyənin neçəyə başa gəldiyini dəqiq hesablayırlar. İlkin açıqlanan məbləğlərin daşıyıcıları tam qane etmədiyi ilə bağlı söz-söhbətlər var idi. Əgər dövlətin təklif etdiyi məbləğ daşıyıcının xərcini ödəməzsə, şirkət işə maraqsız yanaşacaq — ya 'avtobus nasazdır' bəhanəsini gətirəcək, ya da yeni nəqliyyat vasitəsi almaqdan imtina edəcək. Bu narazılıq dərinləşərsə, işin dayandırılması, əlavə dəstək istənilməsi və ya son çarə kimi gediş haqlarının qaldırılması məsələsi gündəmə gələ bilər."
Nəticə etibarilə, ictimai nəqliyyatda tətbiq edilən kilometrə görə ödəniş sistemi vətəndaşların rahatlığı və xidmət intizamı baxımından vacib addımdır. Lakin sistemin uzunmüddətli və fasiləsiz işləməsi üçün dövlətlə daşıyıcı şirkətlər arasında balansı qoruyan, hər iki tərəfin maraqlarını uzlaşdıran optimal maliyyə mexanizminin qurulması mütləq şərtdir.
