Azərbaycanda müharibə veteranlarına ödənilən aylıq 80 manatlıq Prezident təqaüdü 2019-cu ildən etibarən dəyişməz qalır. Son illərdə bir sıra sosial ödənişlər artırılsa da, veteranlara verilən təqaüdün məbləği əvvəlki səviyyədə saxlanılıb. Bəs inflyasiya və yaşayış xərclərinin artdığı bir dövrdə bu təqaüdün artırılmasına ehtiyac varmı?
Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, müharibə veteranlarına ödənilən Prezident təqaüdünün 2019-cu ildən bəri dəyişməməsi nəzərə alınarsa, inflyasiya və yaşayış xərclərinin artması fonunda bu ödənişin artırılması həm iqtisadi, həm də sosial baxımdan əsaslandırılmış addım ola bilər.
İqtisadçının sözlərinə görə, son illərdə ərzaq məhsullarının, kommunal xidmətlərin, nəqliyyat və səhiyyə xərclərinin artması 80 manatlıq təqaüdün real alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb. Bu səbəbdən təqaüdün əvvəlki sosial dəstək funksiyasını tam yerinə yetirməsi çətinləşib.
Akif Nəsirli qeyd edib ki, maddi baxımdan təqaüdün ən azı 150-200 manata çatdırılması veteranların gündəlik xərclərinin bir hissəsinin qarşılanmasına müəyyən dəstək verə bilər. Onun fikrincə, bu, böyük məbləğ olmasa da, xüsusilə aşağı gəlirli ailələr üçün əlavə sosial təminat rolunu oynaya bilər.
O bildirib ki, dövlət büdcəsinin gəlirlərinin son illərdə artması və sosial müdafiə xərclərinin prioritet istiqamətlərdən biri olması belə bir artımın maliyyələşdirilməsini daha real edir. Bununla yanaşı, yekun qərarın büdcə imkanları və benefisiarların ümumi sayından asılı olduğunu vurğulayıb.
İqtisadçı hesab edir ki, məsələnin mənəvi tərəfi daha böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müharibə veteranları ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması uğrunda xidmət göstərmiş insanlardır. Onlara verilən təqaüd yalnız maliyyə yardımı deyil, həm də dövlətin onların xidmətinə verdiyi dəyərin və ehtiramın ifadəsidir. Təqaüdün artırılması cəmiyyətə veteranların əməyinin və fədakarlığının unudulmadığı barədə mühüm mesaj verər, dövlət-vətəndaş münasibətlərində sosial ədalət və mənəvi məsuliyyət prinsiplərini daha da gücləndirər.
Akif Nəsirli əlavə edib ki, belə sosial ödənişlərin müəyyən dövrlərdə inflyasiya səviyyəsinə uyğun şəkildə indeksləşdirilməsi də məqsədəuyğun olardı. Bu, gələcəkdə sosial dəstəyin real dəyərinin qorunmasına və veteranların alıcılıq qabiliyyətinin inflyasiya nəticəsində zəifləməsinin qarşısının alınmasına imkan verər.
Gülnaz Abdullazadə
