Azərbaycanda boşanmaların sayı artmaqda davam edir. Rəsmi statistikaya əsasən, bu ilin ilk beş ayında ölkədə 8 mindən çox boşanma qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, bu tendensiyanın arxasında həm sosial-psixoloji, həm də iqtisadi amillər dayanır.
Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, son illər boşanmaların intensiv şəkildə artması müasir Azərbaycan cəmiyyəti üçün xarakterik xüsusiyyətə çevrilib.
Onun sözlərinə görə, boşanmaların əsas səbəbləri sırasında mənzil-məişət problemləri, gəlirlərin qeyri-sabitliyi, məşğulluq çətinlikləri, iş yükünün artması, ailə büdcəsinin idarə edilməsində yaşanan çətinliklər və sosial informasiya stresi mühüm yer tutur.
Sosioloq qeyd edib ki, maddi-iqtisadi amillər boşanmalara təsir edən əsas faktorlar sırasında olsa da, bu problemlərin mahiyyəti və strukturu dəyişib. Onun fikrincə, qarşılıqlı təzyiq, psixoloji zorakılıq, yadlaşma və ünsiyyət problemləri də ailələrin dağılmasına təsir göstərən səbəblər arasındadır.
Naib Niftəliyev bildirib ki, müasir dövrdə rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin təsiri ailə münasibətlərinə də öz təsirini göstərir. Əvvəllər ailədaxili problemlər daha çox qarşılıqlı güzəşt və anlaşma yolu ilə həll olunurdusa, indi fərdi seçimlər, şəxsi azadlıq və özünüreallaşdırma meyilləri daha çox ön plana çıxır.
Onun sözlərinə görə, sağlam ailə münasibətlərinin əsasını qarşılıqlı etibar, anlaşma və ortaq gələcək hədəflərin müəyyənləşdirilməsi təşkil edir. Davamsız və qeyri-müəyyən münasibətlər, eləcə də ciddi səbəb olmadan baş verən ayrılıqlar ailədaxili kompromis mədəniyyətinin zəiflədiyini göstərir.
Sosioloq hesab edir ki, insanlar əvvəlki dövrlərlə müqayisədə daha az güzəştə gedir, bir-birini dinləmək və qəbul etmək istəyi zəifləyib. Nəticədə hər kəs öz istəklərini ön plana çıxarır ki, bu da fikir ayrılıqları və münaqişələrin artmasına səbəb olur.
Naib Niftəliyev vurğulayıb ki, sosial şəbəkələrdə təqdim olunan ideal həyat və ideal ailə obrazları da insanların gözləntilərinə təsir edir. Bu isə bəzi hallarda ailədaxili problemlərin böyüdülməsinə, uzunmüddətli münasibətlərdə qarşılıqlı anlaşma və qəbulun arxa plana keçməsinə gətirib çıxarır.
O qeyd edib ki, boşanmaların sayını azaltmaq üçün yalnız inzibati, hüquqi və ya sosial tədbirlər kifayət etmir. Bunun üçün sistemli yanaşmaya ehtiyac var. İlk növbədə gənclərin ailə həyatına psixoloji və sosial baxımdan hazırlanması, məktəb və ailədə sağlam ailə dəyərlərinin aşılanması mühüm əhəmiyyət daşıyır.
Sosioloqun fikrincə, dövlət tərəfindən ailələrin sosial-iqtisadi dəstəyi istiqamətində müəyyən mexanizmlər mövcuddur. Bununla yanaşı, gənc ailələrin mənzil, məşğulluq və sosial təminat problemlərinin həlli istiqamətində görülən tədbirlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsi vacibdir.
Naib Niftəliyev hesab edir ki, ailə psixoloqları, sosial işçilər və mediatorların birgə fəaliyyət göstərdiyi multidissiplinar komanda modelinin tətbiqi ailədaxili münaqişələrin boşanmaya qədər dərinləşməsinin qarşısını almaqda mühüm rol oynaya bilər. Onun sözlərinə görə, sosial xidmətlərin daha effektiv koordinasiya olunması bu sahədə mühüm nəticələr verə bilər.
Gülnaz Abdullazadə
