ABŞ-ın İran sanksiyaları Asiyaya uzandı: Böhran yaradacaq yeni siyahı açıqlandı

ABŞ ilə İran arasında gərginlik davam etdiyi bir vaxtda Vaşinqton administrasiyası Tehrana qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, İran neftinin Çinə satış və daşınma prosesində iştirak etdikləri iddiası ilə 12 nəfər və qurum sanksiya siyahısına salınıb.

Referans Media xəbər verir ki, ABŞ tərəfi həmin şəbəkənin İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə dəstəyi verdiyini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu neft satışlarını gizlətmək və rejimə gəlir yönləndirmək üçün beynəlxalq “pərdə şirkətlər” şəbəkəsindən istifadə edib.

Vaşinqton iddia edir ki, bu gəlirlər İran xalqının rifahına deyil, silah proqramlarının maliyyələşdirilməsinə, bölgədəki silahlı qrupların dəstəklənməsinə və təhlükəsizlik aparatının gücləndirilməsinə sərf olunur.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının “maksimum təzyiq” siyasəti çərçivəsində atdığı bu addımla İranın əsas gəlir mənbələrindən biri olan milyardlarla dollarlıq neft gəlirlərini hədəfə aldığı bildirilib.

Yeni sanksiya siyahısına İran tərəfdən Əhməd Məhəmmədi Zadə, Səməd Fəthi Salami və Məhəmmədrza Əşrəfi Qehi daxil edilib. Onların İran neft satışlarından əldə olunan gəlirlərin xarici maliyyə əməliyyatlarını idarə etdikləri iddia olunur.

Bununla yanaşı, Honq-Konqda fəaliyyət göstərən “Hong Kong Blue Ocean Limited”, “Hong Kong Sanmu Limited”, “Jiandi HK Limited” və “Max Honor International Trade Co.” şirkətləri də sanksiyaya məruz qalıb. ABŞ həmin şirkətlərin sanksiya altında olan tanker vasitəsilə milyonlarla dollarlıq neft ticarətində iştirak etdiyini açıqlayıb.

Sanksiyalar Körfəz bölgəsində fəaliyyət göstərən şirkətləri də əhatə edib. BƏƏ və Oman mərkəzli logistika və ticarət şirkətlərinin İran neftinin daşınmasına vasitəçilik etdiyi iddia olunur.

Dubay və Şarika şəhərlərində fəaliyyət göstərən “Ocean Allianz Shipping LLC”, “Atic Energy FZE”, “Blanca Goods Wholesaler LLC”, “Universal Fortune Trading LLC” və Oman mərkəzli “Zeus Logistics Group” şirkətləri də sanksiya siyahısına əlavə olunub.

ABŞ rəsmiləri bildiriblər ki, həmin qurumların ABŞ-dəki aktivləri dondurulub və onlara qarşı ticarət məhdudiyyətləri tətbiq olunub.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, yeni sanksiyalar “İqtisadi Qəzəb” strategiyasının tərkib hissəsidir.

Onun sözlərinə görə, Vaşinqton İranın silah proqramlarını, bölgədəki silahlı qüvvələri və qlobal iqtisadiyyata təhdid yaradan fəaliyyətlərini maliyyələşdirən mənbələri hədəf almaqda davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki