ABŞ-İran razılaşmasının gizli maddələri

ABŞ və İran arasında əldə olunmuş anlaşma sənədində məqsədli şəkildə ümumi, elastik ifadələrdən istifadə edilib.
Referans Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, Vaşinqton bunu gələcəkdə keçiriləcək texniki və birbaşa danışıqlar üçün daha əlverişli siyasi mühit yaratmaq məqsədilə edib:

Amerikalı rəsmilər bildirirlər ki, memorandumda tərəflər arasında əldə olunan bütün razılaşmalar öz əksini tapmayıb. Xüsusilə, İranın ABŞ qarşısında qeyri-rəsmi şəkildə götürdüyü bəzi mühüm öhdəliklər sənədə daxil edilməyib. 

Memorandum sanksiyaların yumşaldılması, nüvə proqramı üzrə razılığın əldə olunması və dondurulmuş maliyyə vəsaitlərinin taleyi kimi mövzular üçün zəmin yaradır. Bununla belə, sanksiyaların ləğvi və vəsaitlərin azad edilməsi konkret irəliləyiş və mexanizmlərin razılaşdırılmasından sonra mümkün olacaq.

Sənəddə İranın nüvə silahı istehsal etməyəcəyini bir daha təsdiqlədiyi vurğulanır. Tehran oxşar öhdəliyi 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası ilə imzalanmış nüvə sazişi çərçivəsində də qəbul etmişdi.

İran qeyri-rəsmi kanallar vasitəsilə ABŞ tərəfinə Donald Tramp administrasiyasının irəli sürdüyü bəzi tələblərlə bağlı kompromislərə hazır olduğunu çatdırıb. Bunlardan biri də Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında zənginləşdirilmiş nüvə materiallarının ölkə daxilində zərərsizləşdirilməsi prosesində ABŞ-ın iştirakına imkan verilməsidir. Mənbələr bildirirlər ki, bu məsələ memorandumun mətnində açıq şəkildə qeyd olunmayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki