İran və ABŞ arasında əldə olunan razılaşmanın mahiyyəti ilə bağlı müzakirələr davam edir. Bəzi ekspertlər anlaşmanı tərəflər arasında müvəqqəti atəşkəs kimi qiymətləndirsə də, digərləri Vaşinqtonun geri addım atdığını və Tehranın diplomatik üstünlük qazandığını deyir.
Razılaşma uzunmüddətli sülhə, yoxsa yalnız qısamüddətli sabitliyə xidmət edəcək?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, İran və ABŞ arasında əldə olunan son memorandumun ətrafında iki ziddiyyətli narrativ formalaşıb:
“Bir yandan bu, Vaşinqtonun geri çəkilməsi və İranın strateji qələbəsi kimi təqdim edilir, digər tərəfdən isə sənəd yalnız müvəqqəti atəşkəs və gələcək danışıqlar üçün çərçivə hesab edilir. Həqiqət isə bu iki mövqenin arasında yerləşir. Əvvəla, sənədin mahiyyətinə baxdıqda görünür ki, söhbət tam və yekun sülh müqaviləsindən yox, münaqişənin dayandırılması və sonrakı danışıqlar üçün siyasi çərçivənin yaradılmasından gedir. Razılaşmada əsas diqqət Hörmüz boğazının açılmasına, qarşılıqlı hərbi fəaliyyətlərin dayandırılmasına, müəyyən sanksiya yumşalmalarına və nüvə proqramı ilə bağlı gələcək müzakirələrə yönəlib. Ən mürəkkəb məsələlər, yəni uranın zənginləşdirilməsi, ballistik raket proqramı və regional təsir şəbəkələri hələ tam həll olunmayıb. Bu səbəbdən razılaşmanı “real barış” adlandırmaq tezdir”.
Politoloq bildirib ki, tarixən İran və ABŞ arasında etimad çatışmazlığı son dərəcə dərin olub:
“2015-ci ildə imzalanan nüvə sazişi də bir müddət sonra dağıldı və tərəflər yenidən qarşıdurma mərhələsinə keçdilər. Bu baxımdan hazırkı memorandum daha çox böhranı idarə etmək və müharibənin genişlənməsinin qarşısını almaq məqsədi daşıyır. Anlaşma memorandumunun ABŞ-ın kapitulyasiyası olub-olmamasına gəldikdə, bu iddia təbii ki, həqiqəti əks etdirmir və siyasi təbliğat elementi daşıyır. Doğrudur, ilkin mərhələdə Vaşinqtonun irəli sürdüyü bəzi maksimalist tələblər, məsələn, İranın tam təslim olması, yaxud rejim dəyişikliyi kimi tələblər son razılaşmada yer almır. Həmçinin ABŞ müəyyən sanksiya güzəştlərinə və İranın iqtisadi nəfəs almasına imkan verə biləcək mexanizmlərə razılıq verib. Bu mənada Vaşinqton öz ilkin mövqeyini yumşaldıb deyə bilərik. Lakin kapitulyasiya anlayışı daha böyük güzəştləri nəzərdə tutur. ABŞ hələ də sanksiyaların əsas hissəsini ləğv etməklə bağlı öhdəlik götürməyib. İranın nüvə proqramına dair məhdudiyyətlərdən imtina etməyib və gələcək razılaşmaları İranın davranışından asılı saxlayır. Yəni Vaşinqton öz əsas təzyiq alətlərini və nüvə proqramına dair tələbləri qoruyub saxlayır”.
R.Bayramovun sözlərinə görə, İranın qələbəsi barədə iddialar da tam birmənalı deyil:
“Bəli, Tehran hərbi təzyiqlərə baxmayaraq danışıqlar masasına məğlub tərəf kimi oturmadığını nümayiş etdirdi, iqtisadi məhdudiyyətlərin qismən yumşaldılması perspektivi qazandı və bəzi strateji mövqelərindən geri çəkilmədi. Lakin olduqca böyük itkilər verdi. Ali dini lider başda olmaqla bir sıra dövlət rəsmilərinin öldürülməsi, infrastrukturun ciddi şəkildə zədə alması, hərbi sahədə olduqca ağır itkilər buna bariz sübutdur. Ən əsası İran hələ də ciddi iqtisadi və hərbi təzyiq altında qalır, üstəlik nüvə proqramı və regional siyasəti üzrə gələcək güzəştlərlə bağlı danışıqlar hələ qarşıdadır.
Odur ki, mövcud razılaşmanı nə ABŞ-ın kapitulyasiyası, nə də İranın qələbəsi kimi qəbul etmək mümkündür. Daha doğru qiymətləndirmə budur ki, tərəflər yüksək xərcli qarşıdurmadan çıxmaq üçün taktiki kompromisə gediblər. Razılaşmanın həqiqi sülhə çevrilib-çevrilməyəcəyini qarşıdakı aylarda nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri üzrə aparılacaq danışıqlar müəyyən edəcək”.
