Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə razılığa gələ bilməyib.
Referans Media xəbər verir ki, söhbət Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasına görə tətbiq edilən fərdi sanksiyalardan gedir.
Aİ ölkələri mövcud sanksiya rejimini hələlik cəmi 7 gün, sentyabrın 22-si gecə yarısınadək uzatmaq qərarına gəliblər.
Bu barədə Aİ Şurasına sədrlik edən İrlandiyanın nümayəndəsi məlumat verib.
Əlavə bir həftənin Aİ ölkələrinə sanksiyaların uzadılması ilə bağlı təklifləri müzakirə etməyə vaxt qazandıracağı bildirilir. Məsləhətləşmələr davam etdiriləcək və məsələ yenidən daimi nümayəndələr səviyyəsində müzakirəyə çıxarılacaq.
“Deutsche Welle”nin Brüsseldəki anonim mənbələrinin məlumatına görə, fikir ayrılığı Slovakiyanın rusiyalı iş adamları Əlişirr Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını tələb etməsi ilə bağlıdır.
Fransa isə sanksiyaların uzadılmasını Usmanovun siyahıdan çıxarılması tələbi ilə əlaqələndirərək prosesi bloklayır.
Fransa Usmanova qarşı sanksiyaların ləğv edilməsini milli təhlükəsizlik baxımından xüsusi məsələ kimi qiymətləndirir. Paris həmçinin bu məsələdə Fransaya müraciət edən beynəlxalq tərəfdaşlara müsbət cavab vermək niyyətində olduğunu bildirir.
Lakin “Deutsche Welle”nin mənbələri söhbətin hansı tərəfdaşlardan və milli təhlükəsizlik maraqlarından getdiyini açıqlamayıb./Globalinfo.az
