Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiya infrastrukturuna zərbələri dayandırmağa hazır olduğunu bildirib. Bunun üçün tərəfdaş ölkələr Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumlarını dayandıracağına zəmanət verməlidir.
Referans Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, mümkün razılaşma əhalinin əsas tələbatlarını təmin edən obyektlərə, o cümlədən enerji, ərzaq və logistika infrastrukturuna şamil edilməlidir.
O bildirib ki, məhz bu obyektlər mütəmadi olaraq Rusiyanın hücumlarına məruz qalır:
“Ukraynanın enerji obyektləri, liman infrastrukturu, logistika, hətta ərzaq və dərman anbarları hər gün hədəfə çevrilir”, – Zelenski bildirib.
Ukrayna Prezidenti Moskvanın belə bir razılaşmaya əməl edib-etməyəcəyinə əmin olmadığını bildirib. Bununla belə, tərəfdaşların zəmanəti olacağı təqdirdə razılaşmanın həyata keçirilməsində iştirak etməyə hazır olduğunu vurğulayıb.
Zelenski bildirib ki, belə bir razılaşma etibarlı və uzunmüddətli olmalı, insanların gündəlik həyatına real təsir göstərməlidir.
“Bu razılaşma ruslar öz seçkilərini keçirəndən sonra pozulmamalıdır. Müharibəyə son qoymaq lazımdır. Kritik infrastrukturla bağlı gərginliyin azaldılması sülhə aparan ilk addım ola bilər. Tərəfdaşlarımızdan konkret təkliflər gözləyirik”, – deyə Zelenski əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələr endirməmək barədə razılaşdığını açıqlayıb./
Globalinfo.az
