image-gemi-azbackend

ABŞ İran tankerini ƏLƏ KEÇİRDİ

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tətbiq edilən dəniz blokadası çərçivəsində İran bayrağı altında üzən gəminin saxlanıldığını elan edib.

Referans Media  xəbər verir ki, ABŞ-nin idarəolunan raketlərlə təchiz edilmiş “USS Rafael-Peralta” esminesi İran limanına çatmağa çalışan tankeri ələ keçirib.

CENTCOM-un rəsmi açıqlamasında söhbətin Milli İran Tanker Şirkəti tərəfindən idarə olunan “Herby” neft tankerindən getdiyi bildirilir.

Gəmilərin izlənməsi xidmətlərinin məlumatına görə, sözügedən tanker aprelin 12-də Hindistanın cənub-qərb sahillərində İrana doğru hərəkət edərkən siqnal ötürməyi dayandırıb. ABŞ Hərbi Dəniz Qüvvələri əməliyyatdan sonra gəminin sonrakı taleyi barədə hələlik əlavə məlumat verməyib.

“Axios” nəşrinin məlumatına görə, son bir həftə ərzində İran Hörmüz boğazında əlavə dəniz minaları yerləşdirib. Bu hadisələrin fonunda İran Silahlı Qüvvələrinin tərkibinə daxil olan “Xatəm əl-Ənbiya” mərkəzi komandanlığı ABŞ-nin blokada addımlarını “piratçılıq” adlandırıb:

“Əgər işğalçı Amerika hərbçiləri bölgədə blokada, quldurluq və piratçılığı davam etdirərlərsə, İranın qüdrətli silahlı qüvvələrinin cavabı ilə üzləşəcəklərinə əmin olsunlar”.

Eyni zamanda, “NBC News” telekanalı ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına dəyən zərərin Pentaqonun açıqladığından qat-qat ciddi olduğunu iddia edir. Mənbələrin məlumatına görə, dağılmış infrastrukturu bərpa etmək Vaşinqtona milyardlarla dollara başa gələcək.

Gərginliyin diplomatik müstəvisində isə İranın xarici işlər naziri Abbas Əraqçi İslamabadda Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regionda baş verən son hərbi və siyasi proseslər geniş müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki