ABŞ Prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə ölkəsinin Venesuela ilə müharibə vəziyyətində olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Venesuela dövləti ilə deyil, narkotik alveri ilə məşğul olan və ölkəyə təhlükə yaradan qruplarla mübarizə aparır.
Referans Media xəbər verir ki, “Xeyr, biz Venesuela ilə müharibə etmirik. Biz narkotik satanlarla, həbsxanalarını boşaldıb insanları ölkəmizə göndərənlərlə, narkomanları və psixi xəstələri ölkəmizə axıdanlarla müharibə aparırıq”, — deyə Tramp vurğulayıb.
ABŞ prezidenti Ağ Evin yaxın 30 gün ərzində Venesuelada yeni seçkilərin keçiriləcəyinə inanmadığını da qeyd edib. Tramp bildirib ki, hazırkı vəziyyətdə ölkədə seçki keçirmək mümkün deyil.
“Əvvəlcə ölkəni qaydaya salmaq lazımdır. Bu şəraitdə seçki keçirmək mümkün deyil. İnsanların səs verməsi üçün heç bir imkan yoxdur. Bu proses vaxt tələb edəcək, biz ölkəni yenidən sağlam vəziyyətə qaytarmalıyıq”, — deyə o əlavə edib.
Tramp həmçinin Venesuela məsələləri ilə məşğul olacaq ABŞ rəsmilərinin adlarını açıqlayıb. Bu siyahıya dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller və vitse-prezident Cey Di Vens daxildir. Prezidentin sözlərinə görə, bu şəxslərin hər biri fərqli sahələr üzrə geniş təcrübəyə malikdir.
Gülnaz Abdullazadə
