backend

Açıqlandı: Güllü yıxılmayıb, öldürülüb

Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda kritik əhəmiyyətli ekspertiziya rəyi əldə edilib. Rəydə qeyd olunur ki, Güllünün ölümü “adi bir yıxılma” ilə izah oluna bilməz; hadisənin “itələmə və ya fiziki təzyiqlə yıxılma” nəticəsində baş verdiyi vurğulanır. Bu nəticə, hadisə günü qeydə alınan səs yazılarındakı məlumatlarla da üst-üstə düşür.

Referans Media xəbər verir ki, “müğənni Güllü” adı ilə tanınan Gül Tut 26 sentyabrda Yalovanın Çınarcık rayonunun Harmanlar məhəlləsində yerləşən 6 mərtəbəli binanın mansard mərtəbəsindəki mənzilinin pəncərəsindən düşərək həyatını itirmişdi.

“Səni aşağı atacağam” sözləri səs yazısında aşkarlanıb

Yalova Baş Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində Güllünün qızı Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu bir neçə gün əvvəl çamadanlarla ölkədən qaçmağa çalışarkən saxlanılmışdı. TÜBİTAK-ın səs yazıları üzərində apardığı texniki analiz zamanı Gülterin anasına “Səni aşağı atacağam indi” dediyi, ardınca isə Güllünün itələnərək düşdüyü, daha sonra isə “Hadi, görüşərik, bay bay” sözlərini işlətdiyi müəyyən edilib.

İstintaq üçün hazırlanan və dosyaya daxil edilən ekspertiziya rəyində Ankaradan gələn kriminalistlər və 3D modelləşdirmə mütəxəssislərindən ibarət heyət Güllünün yıxılma bucağını, təmas nöqtələrini və zərbə izlərini təhlil edib.

Heyət bildirir ki, bu parametrlər sıradan bir büdrəmə və ya sürüşmə ilə uyğun gəlmir, əksinə kənardan fiziki təsir göstərilməsi ehtimalını daha güclü şəkildə göstərir. 3D modelləşdirmə və çoxsaylı simulyasiyalar da bu qənaəti elmi olaraq təsdiqləyib. Rəyi hazırlayan komanda, daha əvvəl 24 yanvar 2023-cü ildə Yalova Altınovada Semiha Sözerin qayalıqdan itələnərək öldürüldüyü cinayəti açan eyni mütəxəssislərdən ibarətdir.

Saxlanılanların sayı 5-ə çatdı

“Qəsdən adam öldürmə” maddəsi ilə şübhəli qismində saxlanılan Tuğyan Ülkem Gülter və hadisə zamanı eyni otaqda olan rəfiqəsi Sultan Nur Uludan sonra, Ulunun atası Arif Ulu da Kocaelinin Gebze rayonunda saxlanılıb. Bununla da istintaq çərçivəsində saxlanılanların sayı 5-ə yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki